"Apple" şirkətinin yeni nəsil "iPhone" modelində uzunmüddətli enerji sərfiyyatından daha çox nazik dizayna üstünlük verməsi bəzi istifadəçilər arasında narahatlıq yaradıb.
HİT.az xəbər verir ki, insayder məlumatlarına görə, "Apple"ın gözlənilən "iPhone 17 Air" modeli əvvəlki Plus modelini əvəz edəcək və cəmi 5,5 mm qalınlığında olacaq. Lakin bu rekord dərəcədə nazik gövdə batareya tutumunun ciddi şəkildə azaldılması hesabına əldə olunub. "MacRumors"un əldə etdiyi məlumata əsasən, bu model cəmi 2800 milliamper-saatlıq (mA·s) batareya ilə təchiz ediləcək.
"Apple"ın daxili sınaqlarına görə, istifadəçilərin yalnız 60-70 faizinin günün sonunadək bir dəfə enerji yığmaqla kifayətlənə biləcəyi müəyyən edilib. Bu isə mövcud modellərlə müqayisədə xeyli aşağı göstəricidir. Məsələn, "iPhone 16" modelində 3561 mA·s, "iPhone 16 Plus" modelində isə 4674 mA·s tutumunda batareyalar mövcuddur. Hətta ölçülərinə görə oxşar olan və daha nazik gövdəyə sahib "Galaxy S25 Edge" modeli belə 3900 mA·s batareya ilə təchiz olunub.
"Apple" şirkətinin fərqi kompensasiya etmək üçün "iPhone 17 Air" modelində silisium-anod texnologiyalı batareyadan istifadə edəcəyi ehtimal olunur. Bu texnologiya batareya tutumunu təxminən 15 faiz artırmağa imkan verir. Həmçinin "iOS 19" əməliyyat sistemində tətbiq ediləcək enerji qənaət edən süni intellekt alqoritmlərinin də bu çatışmazlığı qismən kompensasiya edəcəyi bildirilir.
Şirkət həmçinin əvvəllər istehsalını dayandırdığı "Smart Battery Case" adlı əlavə batareyalı orijinal örtükləri yenidən satışa çıxarmağı da nəzərdən keçirir. Bu örtüklər 2021-ci ildə "MagSafe Battery Pack" modelinin təqdimindən sonra bazardan çıxarılmışdı.
Nazik korpusun digər təsirləri də müzakirə mövzusudur. Sızıntılara əsasən, "iPhone 17 Air" modelində yalnız bir dinamik, bir arxa kamera olacaq və cihaz dünyada fiziki SIM kartları dəstəkləməyəcək.
Qeyd edək ki, daha əvvəl texnologiya jurnalisti Mark Qurman "iPhone 17 Air" modelinin dünyada ilk portsuz telefon ola biləcəyini açıqlamışdı. Lakin "Apple" Avropa İttifaqı tənzimləyiciləri ilə yarana biləcək ziddiyyətlər səbəbilə bu ideyadan imtina edib.
Samir