Şarjda olan smartfonun yanında yatmaq olarmı? - Mütəxəssislər xəbərdar edir

TEXNO
22:15 / 20.05.2025
45

Bir çox insan yatmazdan əvvəl smartfonunu enerji yığımına qoyaraq onu çarpayının yanına qoyur. Bu vərdiş nə qədər təhlükəsizdir?

HİT.az xəbər verir ki, statistikaya görə, böyüklərin təxminən yarısı gecə yuxusuna gedərkən smartfonunu enerji yığma rejimində yanında saxlayır. Bu, müəyyən şərtlərlə təhlükəsiz sayıla bilər, lakin müəyyən qaydalara əməl edilməlidir.

Müasir smartfonlar artıq qızma və yüklənmədən qoruyan sistemlərlə təchiz olunsa da, bu, təhlükəni tam aradan qaldırmır. Ən böyük səhvlərdən biri telefonu yastığın altına və ya yorğanın altına qoymaqdır – bu, istinin çölə çıxmasını əngəlləyir və cihazın qızmasına səbəb ola bilər. Xüsusilə qeyri-orijinal və ya zədələnmiş enerji adapterlərindən istifadə riski artırır.

"Apple" şirkəti öz tövsiyələrində bildirir ki, enerji mənbəyinə qoşulmuş cihazlar, enerji adapterləri və ya simsiz enerji yığma qurğuları üzərində yatmaq, onları yorğan, yastıq və ya bədənlə örtmək olmaz.

Həmçinin yuxu zamanı təsadüfən kabelin əyilməsi və ya enerji girişinin sıxılması naqilin zədələnməsinə, qısaqapanmaya və hətta yanğına səbəb ola bilər.

Tövsiyələr:

* Cihazı sərt və açıq bir səthdə – məsələn, gecə stolunun üzərində enerji yığmağa qoyun;
* Heç vaxt telefonun üstünə parça, yastıq, yorğan və ya paltar qoymayın;
* Telefonu bədəninizdən ən azı bir qol məsafəsində saxlayın;
* Yalnız orijinal və sertifikatlı enerji adapterlərindən istifadə edin;
* Əgər batareya qızırsa, şişirsə və ya cihaz qəribə davranmağa başlayırsa – dərhal enerji yığmanı dayandırın və onu mütəxəssisə göstərin.

Yuxu zamanı cihazın yaxınlıqda olması texniki təhlükədən daha çox psixoloji təsirlərlə bağlı problem yaradır. Mütəxəssislərin fikrincə, sosial şəbəkə və xəbər axınları beynin aktiv qalmasına səbəb olur, bu isə normal yuxuya mane olur. Ekran işığı isə melatonin – yuxu hormonunun ifrazını azaldır.

Samir

0