"Android" cihazınızın batareyası son günlərdə qeyri-adi şəkildə tez mi bitir? Bunun səbəbi yeni bir proqram səhvi ola bilər. "Google" "Instagram"ın "Android" cihazlarda batareya performansına mənfi təsir etdiyini açıqlayıb.
HİT.az xəbər verir ki, son günlərdə bəzi "Android" istifadəçiləri cihazlarının batareyasının qəfil daha sürətlə tükənməyə başladığından şikayətlənirdi. Xüsusilə "Pixel" telefon sahibləri bu vəziyyətdən xeyli əziyyət çəkirdi. İndiyə qədər bu ani batareya tükənməsinin səbəbi aydın deyildi. Amma "Google" nəhayət problem mənbəyini açıqladı: "Instagram".
"Google"un "Android" dəstək komandasının verdiyi məlumata görə, "Instagram"ın "Android" tətbiqində yaranan bir problem cihazların gözləniləndən artıq enerji sərf etməsinə səbəb ola bilər. Problemi həll etmək üçün tətbiqə yeniləmə buraxılıb.
Əgər "Instagram" istifadə edirsinizsə, tətbiqin ən son versiyasını (382.0.0.49.84) yükləməyiniz məsləhətdir. Əmin olmaq istəyirsinizsə, tətbiq nişanına uzun basaraq "Tətbiq məlumatları" bölməsinə baxa bilərsiniz.
Bəzi "Android" istifadəçiləri bu problemi xüsusilə may ayındakı sistem yeniləməsindən sonra hiss etmişdilər. Batareyanın daha tez bitməsi ilə bağlı şikayətlər əvvəlcə "Pixel" istifadəçiləri arasında yayılmağa başladı, sonra sürətlə genişləndi. Əvvəlcə problemin səbəbi başa düşülməmişdi, amma indi bütün əlamətlər "Instagram"ı göstərir.
Tətbiqin niyə bu qədər çox batareya sərf etdiyinə dair aydın bir izahat yoxdur. Arxa planda işləyən bir proses problem yaradırdı, yoxsa yeniləmədə gözdən qaçan bir səhv vardı? Bilinmir. Bəlkə də heç vaxt öyrənə bilməyəcəyik. Lakin deyilir ki, bu yeniləmə problemi həll edib.
Baş verənlər, sadə görünən tətbiq yeniləmələrinin əslində nə qədər vacib olduğunu bir daha göstərir. Bəzən yeni xüsusiyyətlər üçün deyil, sadəcə batareya ömrünüzü qorumaq üçün də tətbiqləri güncəllətmək lazımdır. Xüsusilə çox tez-tez istifadə edilən tətbiqlərin cihazınıza təsiri düşündüyünüzdən çox ola bilər.
Samir