Təşkilatlanmış kibercinayət qruplarına qarşı mübarizə aparan və özünü “GangExposed” ləqəbi ilə tanıdan sirli bir şəxs bu qrupların liderlərinin adlarını, mühüm sənədləri və yazışma qeydlərini ictimaiyyətə təqdim edib.
HİT.az xəbər verir ki, son günlərdə kibercinayət dünyasında ən çox axtarılan bəzi şəxslərin kimliyi “GangExposed” tərəfindən ifşa olunub. Tarixdəki ən böyük fidyə proqramı hücumlarının arxasında dayandığı bildirilən “Conti” və “Trickbot” kimi qrupların rəhbərlərinin kimliyinin ortaya çıxması, kibercinayətkarlıqla mübarizədə dönüş nöqtəsi kimi qiymətləndirilir.
“GangExposed” "The Register" nəşrinə verdiyi müsahibədə, təşkilatlanmış cinayət qruplarına qarşı apardığı mübarizənin onun üçün şəxsi bir məsələ olduğunu bildirib: “Dünyaca tanınan bu təşkilatlara qarşı mübarizə aparmaq mənim üçün bir növ vəzifədir. Ən azı bir qismini cəmiyyətə qazandıra bilmək məni sevindirir”. O, həmçinin mürəkkəb siber işləri araşdırmaqdan zövq aldığını da əlavə edib.
“GangExposed”un ifşa etdiyi əsas şəxslərdən biri “Trickbot” və “Conti” əməliyyatlarının rəhbəri olan “Stern” kod adlı şəxsdir. Mənbəyə görə, onun əsl adı Vitali Nikolayeviç Kovalyovdur. 36 yaşlı bu şəxs Rusiya vətəndaşıdır. Bu məlumat Almaniya polisi tərəfindən də təsdiqlənib. Almaniya Federal Cinayət Polisi Kovalyovun “Trickbot” qrupunun (başqa adı ilə “Wizard Spider”) qurucusu olduğuna dair şübhələrin olduğunu bildirib. Sözügedən qrup yalnız fidyə proqramı ilə deyil, eyni zamanda “Bazarloader”, “SystemBC”, “IcedID”, “Ryuk”, “Conti” və “Diavol” kimi zərərli proqramlar vasitəsilə də geniş miqyaslı hücumlar həyata keçirib.
“GangExposed”un digər bir ifşasına görə, daha bir önəmli şəxs “Professor” ləqəbli Vladimir Viktoroviç Kvitkodur. 39 yaşlı rusiyalı hakerin hazırda Dubayda yaşadığı iddia edilir. “GangExposed” yalnız adlarla kifayətlənməyib, eyni zamanda söhbət qeydləri, videolar və fidyə danışıqlarına dair sənədləri də yayımlayıb.
Özünü “IT mütəxəssisi” kimi tanıtmayan “GangExposed”, metodlarının əsasən müşahidəyə və klassik analiz üsullarına əsaslandığını bildirir: “Məntiq, dilçilik, insan psixologiyası və açıq mənbəli araşdırmalar sayəsində mürəkkəb məlumatları bir araya gətirirəm.” Özünü “çox evi olan, lakin sabit ünvanı olmayan biri” kimi təqdim edən mənbə, lazım gəldikdə ölkələr arasında tez-tez səyahət etdiyini söyləyir.
O, yarı qapalı verilənlər bazası və rüşvət qarşılığında məlumat verən məmurlar kimi qaranlıq şəbəkə xidmətlərindən də istifadə etdiyini açıqlayıb. Xüsusilə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd nəzarəti bazasına qaranlıq şəbəkə üzərindən 250 min dollar qarşılığında çıxış əldə etdiyini deyir. Belə məlumatlar siber cinayətkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün olduqca vacib hesab olunur.
“GangExposed”, ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) ona 10 milyon dollardan çox mükafat təklif etdiyini, lakin bunu qəbul etmədiyini deyib. Bəzi media qurumları isə onun keçmiş qrup üzvü ola biləcəyini və intiqam məqsədilə hərəkət etdiyini irəli sürür.
Samir