3D printerlə hazırlanmış dünyanın ən hündür binası: Ağ Qüllə... - FOTO

TEXNO
21:24 / 05.06.2025
75

İsveçrənin Mulegns kəndində yerləşən 30 metr hündürlüyündəki Ağ Qüllə (Tor Alva), 3D printer texnologiyası ilə inşa edilmiş dünyanın ən hündür binası olma xüsusiyyətini daşıyır. 

HİT.az xəbər verir ki, tikili bölgənin mədəni keçmişinə istinad edəcək şəkildə dizayn edilib və kəndə yeni bir həyat gətirməyi hədəfləyir.

İsveçrənin kiçik Mulegns kəndində, tarix ruhlu evlər arasında diqqət çəkən ağ-bəyaz bir tikili ucalır. "Tor Alva" və ya Ağ Qüllə adlanan bu tikili, 3D printerlə inşa edilmiş dünyanın ən hündür binasıdır. Təxminən 30 metr hündürlüyə malik olan qüllə, 10 mərtəbəli bir bina qədər yüksəkdir.

Qüllənin dizaynında bölgənin şirniyyat istehsalı ilə zəngin keçmişi, təbəqə-təbəqə torta bənzədilərək əks etdirilmişdir. Eyni zamanda zərgərlikdəki incə işçilik sənətindən də ilham götürülmüşdür. Layihəni həyata keçirən Origen Mədəniyyət Fondu-nun təsisçisi Giovanni Netzer, ETH Zürix ilə birlikdə yaratdıqları bu tikilini "texnologiyanın əhəmiyyətli bir uğuru" kimi qiymətləndirir. Netzer bu layihənin tikinti sahəsində yeniliklərə yol açdığını, davamlı turizmə töhfə verdiyini və kəndə yeni bir mədəni həyat gətirdiyini bildirir.

Qüllə 20 May tarixində ziyarətçilərə açılıb və hazırda bələdçi ilə ekskursiyalar keçirilir. İyul ayından etibarən isə qüllənin zirvəsindəki günbəzli teatr səhnəsində tamaşalar başlayacaq. 32 nəfərlik kiçik teatr, ətrafdakı dağ mənzərələri fonunda olduqca təsirli bir təcrübə təklif edir. Bu tikili, əhalisi sürətlə azalan Mulegns kəndinə yeni bir həyat gətirməyi hədəfləyir.

Mulegns hazırda cəmi bir neçə on nəfərə ev sahibliyi edir. 1900-cü illərdə 140 nəfərlik əhalisi var idi, lakin 1980-ci illərdə 50-yə, 2000-ci illərdə isə 30-a qədər enmişdi. Tarixi kənd boş qalma təhlükəsi ilə üz-üzə idi. Tor Alva isə mədəniyyət və davamlılıq oxunda yeni bir ümid işığı kimi görünür.

Qüllənin strukturunda istifadə edilən 32 sütunun hər biri fərqli və detallı naxışlara malik şəkildə 3D printerdə çap edilmişdir. Böyük robot qollar, xüsusi bir beton qarışığını təbəqə-təbəqə tökərək bu mürəkkəb strukturu formalaşdırmışdır. ETH Zürixdəki Tikinti Materialları İnstitutunun professoru Robert Flatt və komandası tərəfindən hazırlanmış bu beton həm formalandırma asanlığı təmin edir, həm də tez bərkiyərək üst təbəqəni dəstəkləyə bilir. Təxminən beş ay davam edən istehsal prosesindən sonra sütunlar, Mulegnsdə quraşdırılmaq üçün yaxınlıqdakı Savognin qəsəbəsində bir yerə gətirildi.

Mütəxəssislər Tor Alva-nın rəqəmsal dizayn və istehsal üsullarının memarlıq və tikintidə əhəmiyyətli bir dönüş nöqtəsi olduğunu düşünürlər. 3D çap, adətən rast gəlinməyən dizaynların və qeyri-adi tikililərin qarşısını açır.

Layihənin dəyəri açıqlanmayıb, lakin oxşar layihələrin adətən milyonlarla İsveçrə Frankına başa gəldiyi məlumdur. Tor Alva Mulegnsdə daimi olaraq qalmayacaq. 2030-cu ildə başqa bir yerə köçürülərək yeni bir bölgənin inkişafına dəstək verəcək. Bu müddət ərzində qüllənin yaratdığı turizm və media marağı sayəsində Mulegnsin əhalisinin yenidən artması gözlənilir.

Samir

0