Mobil telefonun yerini alacaq texnologiya gəlir?

TEXNO
16:00 / 19.06.2025
60

"Google", "Meta", "Snap" kimi texnologiya nəhənglərinin investisiya qoyduğu ağıllı eynəklər süni intellekt dəstəyi ilə mobil telefonların alternativinə çevrilməyə hazırlaşır. Bazar sürətlə genişlənir, texnologiyanın gələcəyi eynəklərdə formalaşır.

HİT.az xəbər verir ki, Silikon vadisinin nəhəngləri olan "Google", "Meta" və "Snap" hesab edir ki, ağıllı eynəklər gələcək texnologiyaların əsas komponentinə çevriləcək. Əslində, bu sahədə ilk cəhd on il əvvəl "Google" tərəfindən edilmişdi, lakin layihə uğurla nəticələnməmişdi. Bəs indi bu texnologiyaya marağın yenidən artmasının səbəbi nədir?

CNN-in məlumatına görə, texnologiya şirkətləri süni intellektin inkişafı sayəsində ağıllı eynəklərin artıq praktiki istifadəyə hazır olduğuna inanır. Ətrafı qavrayan, suallara cavab verən və həqiqətən "ağıllı" olan bu cihazlara ciddi vəsaitlər yatırılır. Son nümunə "Snap" şirkətindən gəlib – şirkət 2026-cı ildə satışa çıxarmağı planlaşdırdığı süni intellekt dəstəklı eynək hazırladığını ötən həftə açıqlayıb.

Ağıllı eynəklərə artan marağın iki əsas səbəbi var: birincisi, artıq mobil telefonların istifadəçiləri yeni modellərə keçməyə təşviq edəcək qədər yenilik təqdim etməməsidir; ikincisi isə süni intellekt ətrafında yeni avadanlıqlar yaradaraq bu potensialdan faydalanmaq arzusudur.

"International Data Corporation" şirkətindən analitik Citesh Ubrani bildirib: “Süni intellekt bu cihazları daha funksional edir və insanlara yeni istifadə imkanları yaradır”.

Məsələn, "Ray-Ban Meta AI" eynəkləri istifadəçilərə bazarda gördükləri bibərin acı olub-olmadığını soruşmaq və ya müxtəlif dillərdə aparılan söhbətləri real vaxt rejimində tərcümə etmək imkanı verir. "Ray-Ban" brendinin sahibi "EssilorLuxottica" şirkəti 2023-cü ildə baş tutan təqdimatdan bu yana 2 milyon ədəd satış həyata keçirdiyini açıqlayıb.

"ABI Research" şirkətindən aparıcı tədqiqat direktoru Endrü Zinyani isə qeyd edib: “İllər boyu bir çox uğursuz cəhdlər oldu. Amma indi nəyin işlədiyi barədə daha aydın təsəvvürlər formalaşıb”.

"ABI Research"in məlumatına əsasən, ağıllı eynək bazarı 2024-cü ildəki 3,3 milyon ədəd tədarükdən 2026-cı ildə təxminən 13 milyon ədədə çatacaq. "Bloomberg"in xəbərinə görə, "Apple" da gələn il "Meta" ilə rəqabət aparacaq ağıllı eynəyin təqdimatını planlaşdırır. "Amazon" şirkətində cihazlardan məsul şəxs Panos Panay da kameralı "Alexa" eynəklərinin mümkün olduğunu bildirmişdi.

Texnologiya nəhəngləri bu yeniliyi istifadəçilərə qəbul etdirməyə çalışır. Vaxtilə "Google Glass" layihəsinin uğursuzluğuna səbəb olan məxfilik narahatlıqları hələ də gündəmdədir. Eyni zamanda bu cihazlar insanların gündəlik istifadə üçün kifayət qədər faydalı sayacağı funksiyalarla təmin olunmalıdır. Üstəlik, bu məhsulların yüksək qiymətə malik olacağı da gözlənilir. "IDC" analitiki Ubrani bildirir: “Bir çox insan inanır ki, gələcəkdə mobil telefonlar ağıllı eynək və ya bənzər cihazlarla əvəzlənəcək. Bu, dərhal baş verməyəcək, illər çəkəcək. Amma şirkətlər bu dəyişimi qaçırmaq istəmir”.

Samir
 

0