Dünyanın ən böyük qum batareyası Finlandiyada istifadəyə verildi

TEXNO
19:21 / 21.06.2025
77

Finlandiyanın cənubundakı kiçik Pornaynen qəsəbəsində dünyanın ən böyük qum batareyası istifadəyə verilib. 

HİT.az xəbər verir ki, məqsəd bərpa olunan enerjidən daha səmərəli istifadə və istiləşmədən yaranan karbon emissiyasını azaltmaqdır. Sistem tam gücdə işləyəndə bölgədə istiləşmədən yaranan emissiyaların 70%-ə qədər azalması, həmçinin ildə təxminən 160 ton karbon ekvivalenti emissiyasının qarşısının alınması gözlənilir.

13 metr hündürlükdə və 15 metr enində olan bu nəhəng batareya, enerji sahəsində çalışan "Polar Night Energy" şirkəti tərəfindən yerli "Loviisan Lampo" enerji şirkəti üçün inşa edilib. Helsinki şəhərindən təxminən bir saatlıq məsafədə yerləşən qurğu 1 meqavat istilik gücü istehsal edə və 100 meqavat-saat enerji saxlaya bilir. Bu da şirkətin 2022-ci ildə təqdim etdiyi ilk modeldən on qat daha böyük olduğu deməkdir.

Bu sistem, istiliyi saxlama qabiliyyəti yüksək olan sabun daşı ilə doldurulmuş, izolyasiya edilmiş böyük bir çənlərdən ibarətdir. İçərisinə yerləşdirilən təxminən 2.000 ton əzilmiş daş, xaricdən verilən istiliyi udaraq uzun müddət saxlaya bilir.

Günəş və külək kimi mənbələrdən gələn artıq enerji, boru sistemi vasitəsilə bu daşların arasından keçirilərək çənin içində toplanır. Zərurət yarandıqda bu istilik isti su, buxar və ya qızdırılmış hava şəklində geri qazanılır və binaların istiləşdirilməsində və ya sənaye proseslərində istifadə oluna bilir.

Qum batareyalarının əhəmiyyəti bərpa olunan enerjinin dəyişkən təbiətini tarazlaşdırmasından qaynaqlanır. Günəş işığının olmadığı və ya küləyin dindiyi dövrlərdə enerji istehsalı azalarkən, əvvəlcədən saxlanmış istilik bu boşluğu doldura bilir. Bununla həm enerjinin davamlılığı təmin edilir, həm də fosil yanacaqlara olan tələbat azalır.

"Loviisan Lampo"nun baş direktoru Mikko Paayanen şirkətin 2035-ci ilə qədər karbon neytral olmağı hədəflədiyini bildirir və qum batareyasını bu məqsədə doğru atılmış mühüm addım hesab edir. Layihədə iştirak edən "Polar Night Energy" şirkətinin meneceri Lisa Naskali isə deyir: "Yandırmaq artıq davamlı bir üsul deyil. Bu layihə başqa seçimlərin mümkün olduğunu göstərir".

Qum batareyaları təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan fayda gətirir. Elektrik şəbəkəsində yükün azaldığı saatlarda artıq enerji saxlanıla bilər, zərurət olduqda isə bu enerji yenidən istifadə edilə bilər. Bu da həm enerji xərclərini azaldır, həm də sistemin daha tarazlı işləməsini təmin edir.

İnvestorlar da bu texnologiyaya maraq göstərir. "CapMan Infra" şirkətinin İnvestisiya Direktoru Sauli Antila qum batareyalarının gələcəkdə müxtəlif enerji sistemlərini birləşdirməkdə təsirli ola biləcəyinə inanır: "Bu sistemlər təkcə ekoloji deyil, eyni zamanda çevik və praktik həllər təqdim edir".

Samir
 

0