Müasir dövrdə demək olar ki, hər kəsin bir (bəzən bir neçə) smartfonu var. Cihazın istifadəsi zamanı bəzən ciddi texniki nasazlıqlar yaranmasa da, toz və çirk səbəbilə portlarda (xüsusilə də şarj yuvasında) problemlər meydana çıxır. Xoşbəxtlikdən, bu hallarda texniki ustaya müraciət etməyə tələsməyə ehtiyac yoxdur. Telefonun şarj girişini ev şəraitində də effektiv şəkildə təmizləmək mümkündür.
Niyə şarj yuvası çirklənir?
HİT.az xəbər verir ki, smartfondan uzun müddət istifadə edildikdə, xüsusən də tozlu mühitlərdə və ya çantada, cibdə daşıdıqda şarj yuvası asanlıqla çirklənə bilər. Əgər telefon yerə və ya qum üzərinə düşərsə, bu problem daha da sürətlənir. Bu cür hallarda dərhal texniki xidmətə getmək əvəzinə, evdə sadə üsulla təmizlik apararaq həm vaxt, həm də pulunuza qənaət edə bilərsiniz.
Addım-addım təmizləmə üsulu
Əgər telefon şarj olunmur və ya sürətli enerji yığımı işə düşmürsə, bu problem bəzən mexaniki nasazlıqdan deyil, sadəcə toz və kir səbəbilə kontaktın itirilməsindən qaynaqlana bilər. Bu halda aşağıdakı mərhələləri izləyin:
1. Cihazı söndürün
Təmizliyə başlamazdan əvvəl mütləq telefonu tamamilə söndürün. Əks halda cihaz zədələnə bilər.
2. Zibil və toz qalıqlarını çıxarın
Sadə bir diş çöpündən istifadə edərək portdakı iri toz parçalarını və digər çirkləri diqqətlə çıxarın.
3. Spirtlə təmizləmə
Diş çöpünün ucuna az miqdarda pambıq dolayın (qulaq çöpündəki kimi). Sonra bu pambığı izopropil spirti ilə bir qədər isladaraq yuva daxilini yüngülcə silin. Spirt həm dezinfeksiya edir, həm də yağı və kiri effektiv şəkildə təmizləyir.
4. Qurumağa qoyun və yoxlayın
Şarj yuvasını tam qurumağa buraxın. Sonra cihazı işə salaraq şarj funksiyasını yoxlayın. Əgər problem hələ də qalırsa, bu, artıq daha ciddi texniki nasazlığın əlaməti ola bilər və mütəxəssis müdaxiləsi tələb olunur.
Nə etmək olmaz?
* Təmizləmə zamanı metal əşyalar (iynə, penset və s.) istifadə etməyin – bunlar kontaktlara zərər verə bilər.
* Bəzi peşəkarlar sıxılmış hava ilə təmizləmə üsulundan istifadə edir. Bu üsul effektiv olsa da, evdə hər kəs üçün əlçatan deyil.
iPhone istifadəçilərinə də eyni tövsiyə
Bu üsul yalnız "Android" telefonlar üçün deyil, "iPhone"lar üçün də keçərlidir – istər köhnə "Lightning", istərsə də yeni "Type-C" portlarına sahib modellər olsun.
Samir