Alimlər kompüterlərin sürətini 1000 dəfə artırmağın yolunu tapdı

TEXNO
10:00 / 01.07.2025
68

ABŞ-ın Şimal-Şərq Universitetinin alimləri elektron materialların xüsusiyyətlərinə tamamilə yeni idarəetmə metodu hazırlayıblar. Bu texnologiya elektronikanın işləmə sürətini 1000 dəfə artıraraq terahers prosessorların yaradılmasına yol aça bilər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Physics" (NatPhys) jurnalında dərc olunub.

Mütəxəssislər işıq və temperatur təsiri altında ani keçirici və izolyator rejimləri arasında keçid edə bilən kvant materialı — 1T-TaS₂ üzərində işləyiblər. Onların "termal söndürmə" (thermal quenching) adlandırdığı üsul materialın keçiriciliyini misilsiz dəqiqliklə idarə etməyə imkan verir.

Hazırkı mikroçiplər silikon əsaslıdır və keçirici–izolyator komponentlər arasında mürəkkəb interfeyslərə ehtiyac duyur. Yeni texnologiya isə eyni materialı keçidli şəkildə istifadə etməyə şərait yaradır – sadəcə işıqla keçirici və ya izolyator rejiminə salmaq mümkündür. Bu da həm çip dizaynını sadələşdirir, həm də cihazların sürətini kəskin artırır.

Əvvəlki cəhdlər materialın keçiriciliyinə nəzarəti yalnız çox aşağı temperaturda və qısamüddətli effektlərlə təmin edə bilirdi. Lakin bu yeni yanaşma otaq temperaturunda stabil və uzunmüddətli keçidlərə nail olub.

“Hazırda prosessorlar gigahers tezliyində işləyir. Bizim texnologiyamız bu səviyyəni terahers diapazonuna çıxara bilər”, deyə tədqiqatın aparıcı müəllifi Alberto de la Torre bildirib.

Alimlər vurğulayırlar ki, silikon texnologiyaları artıq fiziki sərhədlərə yaxınlaşır və kvant materiallar növbəti nəsil hesablama sistemlərinin əsası ola bilər.

Samir

0