Sosial şəbəkələrə daha çox kimlər aludə olur? - Süni intellektə etibar risk yaradır

TEXNO
21:18 / 08.07.2025
40

Makao Universitetinin alimləri müəyyən ediblər ki, süni intellektə (Al) müsbət yanaşan insanlar, xüsusilə kişilər, sosial şəbəkələrdən həddindən artıq istifadə etməyə daha meyilli olurlar. 

HİT.az xəbər verir ki, bu nəticələr "Addictive Behaviors Reports" (ABR) jurnalında dərc olunan araşdırmada yer alıb.

Tədqiqat çərçivəsində Almaniyada yaşayan min nəfərdən çox yetkin şəxsin məlumatları təhlil edilib. Məlum olub ki, Al-a etibar edən və onun insanlıq üçün faydalı olduğunu düşünən iştirakçılar daha çox sosial şəbəkələrdə vaxt keçirir və asılılıq əlamətləri göstərirlər. Bu əlamətlərə lentin davamlı yoxlanılması, onlayn fəaliyyətdən imtina etməkdə çətinlik və sosial şəbəkələr vasitəsilə reallıqdan qaçmaq istəyi daxildir. Əksinə, Al-a neqativ münasibət isə internet davranışına demək olar ki, təsir göstərmir.

Tədqiqatın həmmüəllifi, professor Kristian Montaq bu tendensiyanı belə izah edir: "Sosial şəbəkələrdə gördüyümüz demək olar ki, hər şeyi süni intellekt alqoritmləri idarə edir. Onlar diqqətimizi daha uzun müddət cəlb etmək üçün bizə uyğunlaşırlar. Al-a müsbət baxan insanlar bu texnologiyanı daha asan qəbul edir və platformalarda daha uzun qalırlar".

Montaq qeyd edir ki, bu effekt kişilər arasında daha qabarıq şəkildə müşahidə olunur. Bu da əvvəlki sorğuların nəticələri ilə üst-üstə düşür: kişilərin Al-a inam səviyyəsi, ortalama olaraq, qadınlardan daha yüksəkdir.

Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Yəni, Al-a müsbət münasibət birbaşa sosial şəbəkə asılılığına səbəb olur demək deyil. Ola bilər ki, bu iki meylin arxasında üçüncü bir amil – məsələn, texnologiyalara maraq dayanır.

Alimlər çağırış edirlər ki, Al-ın inkişafı ilə bağlı yalnız müsbət tərəflər deyil, onun “qaranlıq tərəfi” də öyrənilməli və xüsusilə insan davranışına gizli təsir etdiyi sahələrə diqqətlə yanaşılmalıdır.

Samir

0