Mark Zukerberq "Apple"ın əsas süni intellekt mütəxəssisini "ələ keçirdi"

TEXNO
16:33 / 08.07.2025
43

“Apple” şirkətində süni intellekt (Al) üzrə əsas rəhbər Ruomin Panq “Apple”dan ayrılaraq Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” şirkətinə keçib. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə istinadən “MacRumors” xəbər yayıb. Mütəxəssisin şirkət dəyişməsinə səbəb “Meta” tərəfindən təklif olunan çoxmilyonluq əmək müqaviləsi olub.

“Apple”da Panq təxminən 100 nəfərlik komandanın rəhbəri idi və bu komanda süni intellekt üzrə baza modellərinin (foundation models) yaradılması ilə məşğul olurdu. Həmin texnologiyalar “Apple Intelligence” funksiyalarının – o cümlədən e-poçt xülasələrinin avtomatik yaradılması, prioritet bildirişlər və “Genmoji” emodzilərinin generasiyası – əsasını təşkil edir.

Mənbənin bildirdiyinə görə, “Meta” Panqa illik on milyonlarla dollar dəyərində müqavilə təklif edib. Bu da Mark Zukerberqin rəqabət aparan şirkətlərdən, o cümlədən “OpenAI”, “Anthropic” və “Scale AI” kimi qurumlardan aparıcı mütəxəssisləri böyük maaş paketləri ilə cəlb etmək strategiyasının bir hissəsidir.

Bununla belə, mənbələr qeyd edir ki, Panqın ayrılması yalnız maliyyə səbəbləri ilə bağlı deyil. Bildirilir ki, “Apple” daxilində şirkətin gələcəkdə “Siri” üçün “Anthropic” və ya “OpenAI” texnologiyalarından istifadə etməyi nəzərdən keçirməsi ilə bağlı yayılan şayiələr onun rəhbərlik etdiyi komandada mənəvi ruhun aşağı düşməsinə səbəb olub. Bu isə daxili inkişafların dəyərsizləşdirilməsi kimi qiymətləndirilib və digər mühəndislər də rəqib şirkətlərdən gələn təklifləri nəzərdən keçirməyə başlayıblar.

Samir
 

0