Gələcəyin restoranı: Menyudan ab-havayadək hər şey süni intellekt tərəfindən hazırlanır

TEXNO
17:50 / 11.07.2025
64

Dubayda dünyanın ən hündür göydələni Burc Xəlifənin birbaşa yaxınlığında sentyabr ayında açılacaq yeni restoran, qastronomiya sahəsində böyük bir yeniliyə imza atmağa hazırlaşır. 

HİT.az xəbər verir ki, restoranın adı "WOOHOO"dur və onun ən maraqlı xüsusiyyəti - mətbəxində çalışan süni intellektli şef: Şef Aiman.

"Independent UK" nəşrinin məlumatına görə, Aiman birbaşa yemək hazırlamır, lakin menyunu, məkanın ab-havasını və xidmət sistemini tam şəkildə özü dizayn edir. Adı "AI" (Artificial Intelligence - süni intellekt) və "man" (insan) sözlərinin birləşməsindən yaranan Aiman, dünyanın müxtəlif mətbəxlərinə aid minlərlə resept, ləzzət tarazlığı və qastronomiya məlumatlarını analiz edərək unikal dadlar təklif edir.

Aiman tərəfindən tövsiyə olunan reseptlər tanınmış aşpaz Reyf Osman və onun komandası tərəfindən sınaqdan keçirilir və təkmilləşdirilərək təqdim olunur. Məqsəd insan toxunuşunu itirmədən süni intellektin yaradıcılığından istifadə etməkdir. Eyni zamanda restoran mətbəxlərindəki israfın azaldılması da əsas hədəflərdəndir. Məsələn, adətən atılan ət parçaları və artıq yağlar Aimanın reseptlərində dəyərləndirilir.

Restoranın qurucularından Ahmət Oytun Çakır bu barədə belə deyir: “Süni intellekt yeməyi bişirməsə də, ilham verir. Biz də bu ilhamı insan əməyi ilə birləşdirərək tamamilə yeni bir şey yaradırıq”.

Yəni yaxın gələcəkdə Dubaya səfər edənlər yalnız lüks atmosferi deyil, süni intellekt tərəfindən hazırlanmış yeməkləri də dadmaq imkanı əldə edəcəklər.

Samir

0