"Anthropic" şirkətinin inkişaf etdirdiyi "Claude" adlı süni intellekt, maliyyə analizindən investisiya qeydlərinin hazırlanmasına qədər gənc analitiklərin yerinə yetirdiyi vəzifələri icra etməyə başlayıb. "Wall Street"in gələcəyi artıq kodlarla yazılır. Bəs bu dəyişiklik nə qədər irəliləyə bilər?
HİT.az xəbər verir ki, "Anthropic"in hazırladığı yeni süni intellekt platforması maliyyə dünyasında ciddi bir transformasiyaya səbəb olur. "Maliyyə analiz həlli" adlanan bu yeni versiya – "Claude" – investisiya araşdırmasından modelləşdirmə və risk təhlilinə qədər bir çox vəzifəni öz üzərinə götürərək kiçik təcrübəli analitiklərin yerini almağa namizəddir. Süni intellekt artıq yalnız mavi yaxalı işçilərin deyil, ağ yaxalı peşə sahiblərinin də karyerasını təhlükə altına alır.
15 iyulda təqdim olunan "Claude"un yeni versiyası, investisiya komandalarının gündəlik vəzifələrini icra etmək üçün yaradılıb. Bu sistem artıq:
* Korporativ gəlir iclaslarını analiz edə bilir,
* Böyük məlumat bazalarında axtarışlar aparır,
* "Monte Karlo" simulyasiyalarını yerinə yetirərək ssenari modelləşdirmələri qurur,
* Və investisiya qeydləri hazırlaya bilir – özü də fasiləsiz olaraq.
Üstəlik, bu süni intellekt artıq real iş şəraitində də fəaliyyət göstərir. Dünyanın ən iri hedc fondlarından biri olan "Bridgewater Associates", "Claude"u aktiv şəkildə istifadə edir. Şirkətin texnologiya direktoru bildirir ki, "Claude" "Python" kodları yazmaq və məlumat vizuallaşdırmaları hazırlamaqla kiçik analitiklərin vəzifələrini uğurla yerinə yetirir.
"Anthropic", "Claude 4" modelinin "OpenAI"nin "GPT-4" modeli də daxil olmaqla rəqiblərini geridə qoyduğunu iddia edir. Real investisiya ssenarilərinə əsaslanan testlərdə 83 faiz dəqiqliklə çalışan "Claude":
* Mürəkkəb "Excel" modelləri qura bilir,
* Üç aylıq gəlir hesabatlarını analiz edib xülasələyə bilir,
* İri həcmli məlumat bazalarından informasiyanı çıxarıb vizuallaşdıra bilir,
* Və investisiya qeydləri kimi peşəkar sənədlər hazırlaya bilir.
"Claude" yalnız yardımçı alət deyil; bütün iş axınını təkbaşına idarə edə biləcək süni intellekt assistentidir.
Süni intellektin sektora təsiri yalnız nəzəri deyil. Norveçin milli sərvət fondu "NBIM", bu günə qədər "Claude"un 213.000 saatlıq iş yükünü öz üzərinə götürdüyünü açıqlayıb. Fondun rəhbəri Nikolay Tangen bildirir ki, bu dəyişiklik sayəsində məhsuldarlıq 20 faiz artıb və artıq 9.000 şirkətin maliyyə xəbərləri "Claude" tərəfindən avtomatik izlənilir.
Sığorta nəhəngi "AIG" də oxşar nəticələri paylaşır. Onlar "Claude" sayəsində yoxlama müddətlərini 5 dəfə sürətləndirdiklərini və məlumat dəqiqliyini 75 faizdən 90 faizdən yuxarıya qaldırdıqlarını bildirirlər.
Maliyyə sahəsində illərdir davam edən bir ənənə var: kiçik analitiklər uzun və ağır iş saatları ilə özlərini sübut edir, bu çətin prosesin ardından karyeralarında irəliləyirdilər. Lakin indi "Claude" bu vəzifələri daha sürətli və səhvsiz şəkildə yerinə yetirir.
"Anthropic" iddia edir ki, məqsəd insanları daha yaradıcı və strateji sahələrə yönəltməkdir. Lakin sahənin təbiəti nəzərə alındıqda, bu yüksək səviyyəli mövqelərin sayının sürətlə artması real görünmür. Nəticədə, "Claude" karyera yolunun ilk addımlarını tamamilə aradan qaldıra bilər.
Süni intellektin artıq yalnız istehsalat zəncirlərində və ya çağrı mərkəzlərində deyil, yüksək intellektual bacarıq tələb edən maliyyə kimi sahələrdə də təsirli olması diqqət çəkir. Üstəlik, "Claude" bu sahədə tək deyil. "OpenAI", "PwC" ilə oxşar sistemlər hazırlayır, "Google" isə "Gemini" modellərini maliyyə platformalarına inteqrasiya edir.
"Claude"un fərqi isə mövcud maliyyə infrastrukturuna dərin inteqrasiya imkanına malik olmasıdır. O, "S&P Global", "Morningstar", "Snowflake" və "Palantir" kimi platformalarla birbaşa əlaqəlidir. Üstəlik, "PwC" və "Deloitte" kimi nəhəng məsləhət şirkətləri ilə çalışaraq uyğunluq siyasətləri də hazırlaya bilir.
"Claude", "AWS Marketplace"də istifadəyə verilib və tezliklə "Google Cloud"da da təqdim olunacaq. API vasitəsilə fərqli proqram sistemlərinə asanlıqla inteqrasiya oluna bilir. Bu şəkildə şirkətlər "Claude"u araşdırma komandalarında çalışdıra və ya özlərinə məxsus tətbiqlər yarada bilirlər.
İstər sığorta müqavilələri yazsın, istər "ESG" (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) uyğunluğunu analiz etsin – "Claude" artıq müasir maliyyə dünyasında əhatəli bir rol oynamağa hazırdır. Və bu, bir çox gənc analitik üçün gələcəyi köklü şəkildə dəyişə bilər.
Samir