20 populyar tətbiq araşdırıldı: Telefonunuzu ən çox "qurdalayan" hansıdır?

TEXNO
16:12 / 24.07.2025
84

Ağıllı telefonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, istifadə etdiyimiz tətbiqlərin bəziləri yalnız funksionallıqları ilə deyil, həm də şəxsi məlumatlara çıxış tələbləri ilə narahatlıq doğurur. 

HİT.az xəbər verir ki, Böyük Britaniyanın istehlakçı hüquqları təşkilatı "Which?" tərəfindən aparılan son araşdırma sosial media, onlayn alış-veriş, fitness və ağıllı ev texnologiyaları kateqoriyalarında ən çox yüklənən 20 tətbiqin məxfilik risklərini ortaya qoyub.

Tətbiqlər hansı şəxsi məlumatları tələb edir?

Tədqiqat göstərir ki, istifadəçilər çox vaxt pulsuz kimi təqdim olunan bu xidmətlərə əvəz olaraq, ciddi həcmdə şəxsi məlumat ötürür. Tətbiqlər tez-tez ehtiyac olmadığı halda yer, mikrofon və fayl sisteminə çıxış kimi “riskli icazələr” istəyir.

Ən çox icazə tələb edən tətbiqlər:

1. Facebook – 69 icazə (6-sı riskli)
2. WhatsApp – 66 icazə (6-sı riskli)
3. YouTube – 47 icazə (4-ü riskli)
4. TikTok – 41 icazə (3-ü riskli)

Bu tətbiqlər əsasən sosial şəbəkə platformalarıdır və istifadəçinin məkanından tutmuş kamera və mikrofona qədər bir çox sahəyə çıxış istəyir.

Samsung və Xiaomi öndə gəlir

Ağıllı ev texnologiyası sahəsində:

1. Xiaomi Home – 91 icazə (5-i riskli)
2. Samsung SmartThings – 82 icazə (8-i riskli)

Həmçinin, Xiaomi və AliExpress tətbiqlərinin istifadəçi məlumatlarını şübhəli reklam şəbəkələri vasitəsilə Çinə ötürdüyü aşkar edilib.

Əlavə diqqət çəkən detallar

20 tətbiqdən 16-sı, digər tətbiqlərin üzərində açılan pəncərələr göstərə bilmək üçün icazə istəyir. Bu, istifadəçi bildirişləri bağlasa belə, tətbiqin ekranda izinsiz fəaliyyət göstərməsinə şərait yaradır.

7 tətbiq isə, telefon açılar-açılmaz avtomatik işə düşmək üçün icazə tələb edir.

20 tətbiqin tələb etdiyi ümumi və riskli icazə nömrələri aşağıdakılardır:
378601Bu icazələr nəyə lazımdır?

Bəzi tətbiqlərin mikrofon və kamera kimi riskli icazələri, funksionallıq üçün haqlı sayıla bilər. Məsələn, WhatsApp və ya Ring Doorbell kimi tətbiqlər səsli əlaqə və təhlükəsizlik sistemləri üçün bu icazələrə ehtiyac duyur. Lakin AliExpress, Facebook və Strava kimi tətbiqlərin “hal-hazırda işləyən digər tətbiqləri görmək” icazəsi istəməsi ciddi şəkildə sorğulanır.

Tətbiq sahibləri nə deyir?

* Meta (Facebook, WhatsApp): "Mikrofon arxa planda işlədilmir, istifadəçi icazəsi olmadan səsə çıxış mümkün deyil".
* Samsung: “Bütün tətbiqlərimiz məlumat qoruma qanunlarına uyğundur.”
* TikTok: “Gizlilik və təhlükəsizlik bütün məhsullarımızın əsasını təşkil edir.”
* AliExpress: “Mikrofon və məkan icazələri yalnız istifadəçinin razılığı ilə istifadə olunur.”
* Amazon: “İcazələr alış-veriş təcrübəsini yaxşılaşdırmaq üçündür.”
* Strava: “Məkan məlumatı, idman funksiyalarını təmin etmək üçün vacibdir.”

Mütəxəssislərdən xəbərdarlıq

"Which?" təşkilatının redaktoru Herri Rouz xəbərdarlıq edir:

"Bəli, tətbiqlər həyatımızı asanlaşdırır, lakin bu çox vaxt şəxsi məlumatlarımız bahasına başa gəlir. Təəssüf ki, bir çox istifadəçi bu gerçəkliyin fərqində deyil".

Mütəxəssislər yeni bir tətbiq yükləyərkən “qəbul et” düyməsinə basmazdan əvvəl istənilən icazələri diqqətlə oxumağı tövsiyə edirlər. Sadə görünən bir icazə, şəxsi məlumatların üçüncü tərəflərlə paylaşılmasına səbəb ola bilər.

Samir

0