"Turizm sahəsində rəqəmsallaşma və texnologiya olduqca vacibdir".
Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunların hər ikisi çox böyük əhəmiyyət daşıyır və həlledici rol oynayır:
"Müasir turizm sahəsi artıq texnologiyasız rəqabət qabiliyyətini itirir. Demək olar ki, getdikcə ənənəvi metodlar öz əhəmiyyətini itirdiyi üçün texnologiyalar və onlayn sistemlər olduqca vacib yer tutur. Ümumiyyətlə, texnologiya və rəqəmsallaşmanın turizm sahəsində əhəmiyyətini bir neçə baxımdan vurğulaya bilərik".
Ekspert həmin üstünlüklərdən bəhs edib:
"Birincisi, marketinq və CRM sistemlərini qeyd etmək lazımdır. Marketinq sistemlərində onlayn reklam, sosial media və veb saytlar vasitəsilə daha geniş auditoriyaya çıxış imkanı əldə edir.
Onlayn sistemlər 7/24 fəaliyyət göstərdiyi üçün geniş miqyasda müştərilərə əlçatanlığı təmin edir. İkincisi, rezervasiya sistemləridir. Rezervasiyada onlayn bilet almaq, otel bronlaşdırılması və digər xidmətlərin ödənişini etmək mümkündür".
Həmsöhbətimiz digər üstünlüklərdən də bəhs edib:
"Müştəri təcrübəsi də önəmlidir. Belə ki, bu sahədə də texnologiyanın olması alış-veriş üçün müştəri tərəfindən əlçatanlığı təmin edir. İnsanlar mobil tətbiqlər vasitəsilə həm rahat şəkildə müqayisə apara, həm də asanlıqla alış-veriş edə bilirlər".
Mütəxəssis diqqətə çatdırıb ki, texnologiya və rəqəmsallaşma analitika, habelə məlumatın idarəetməsinin əlçatanlığını CRM sistemi vasitəsilə rahat edir:
"Bu, müştəri davranışlarını təhlil etmək və onların hansı səviyyədə xidmət aldıqlarını ölçmək üçün də rahat olur. Beləcə daha yaxşı xidmət göstərirlər.
Həmçinin, etibarlılıq və rəqabət qabiliyyətinin artması da olduqca mühümdür. Texnologiylara əsaslanaraq şirkət daha sürətlə, diqqətlə və şəffaqlıqla müştəriyə xidmət göstərməyə başlayır. Nəticədə, şirkətlər innovativ yanaşma ilə hərəkət edir və müştərilərə davamlı olaraq xidmət göstərə bilirlər".
Həmid Cahedi vurğulayıb ki, rəqəmsallaşma turizm sahəsində böyük əhəmiyyət daşıyır və müştəri məmnunluğunu artırır:
"Bazarda xidmət göstərən şəxs texnologiyadan düzgün istifadə etməklə öz mövqeyini gücləndirir. Belə ki, bu yolla müştəri sayını və gəlir miqdarını artıra bilir.
Yəni turizm şirkətləri, otellər, digər xidmət göstərən turizm nümayəndələri rəqəmsallaşma və yeni texnologiya ilə inkişaf edə bilərlər. Bundan əlavə, xidmətlərini göstərərək yerli və xarici müştərilərə əlçatanlığını təmin edirlər".
Pərviz