Rəqəmsallaşma iqtisadiyyata hansı üstünlüklər gətirir?

TEXNO
11:27 / 21.08.2025
54

"Sanki rəqəmsallaşmanın faktiki olaraq fəlsəfəsi və onun mahiyyəti bütün dünyada və bizdə fərqli şəkildə anlaşılır". 

Bu sözləri iqtisadçı ekspert Elman Sadıqov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, rəqəmsallaşmanın özünün əsas bazası və kökləri möhkəm olmalıdır:

"Bəzi hallarda rəqəmsallaşma ilə bağlı narahatedici məqamlar olur. Mən bunu bir evə bənzədirəm. Tutaq ki, biz evi sürətlə tikməyə çalışırıq, kərpici kərpici üstünə qoyuruq, amma bu evin bünövrəsi yaddan çıxıb. Nəticədə, bir müddətdən sonra bu evin tikintisi bizim üçün nəinki xeyir, bəzi hallarda hətta zərərlə nəticələnə bilər.

Rəqəmsallaşmada da ən önəmli məsələ kibertəhlükəsizlik və dataların qorunmasıdır. Yəni bir çox sahələrdə bəzən rəqəmsallaşmanın sürəti kibertəhlükəsizlik məsələlərinin həlli sürətindən daha yüksəkdir. Bu da nəticə etibarilə dataların təhlükəsizlik məsələsini ortaya çıxarır. Əlbəttə ki, bu da öz növbəsində bir çox sahədə ciddi qayğılar formalaşdırır". 

Ekspert qeyd edib ki, xakerlik bir çox ölkədə inkişaf edib:

"Ona görə düşünürəm ki, rəqəmsallaşmadan danışarkən düşünülməli olan məsələ rəqəmsallaşmanın daha təhlükəsiz bir şəkildə həyata keçirilməsidir. Məsələn, bəzi ölkələrdə rəqəmsallaşma sürəti, hətta inkişaf etmiş ölkələrdə belə inkişaf etməkdə olan ölkələr qədər deyil. Bu çox önəmli məsələdir. Bunu bu sahədə olan mütəxəssislər təsdiq edir və hətta biz də təhlil etsək eyni nəticəni görərik. Bəzi inkişaf etmiş ölkələr, o cümlədən Avropa ölkələrində rəqəmsallaşma bizdəki sürətlə getmir. Çünki onun müəyyən fəsadları var.

Bəzi hallarda düşünürük ki, rəqəmsallaşma müəyyən əməliyyatların daha sürətlə keçirilməsidir. Amma məsələyə bu şəkildə yanaşılmır. Çünki mən dediyim amillər o zaman sizə müsbət nəticələr verir ki, onun bazası və bünövrəsi möhkəm olsun. Əgər hər hansı kibertəhlükəsizlik sahəsində müəyyən problemlər, boşluqlar olarsa, bunlar sonradan ölkə və yaxud da həmin sahə üçün müəyyən problemləri formalaşdıra bilər". 

380196

Mütəxəssis vurğulayıb ki, data üçün rəqəmsallaşmanın genişlənməsi və artması çox vacibdir:

"Bu, ilk növbədə data yığımı üçün əhəmiyyətlidir. Amma bu gün data yığımı, datanın nə olduğu dövlət və ya özəl qurumlarda tam olaraq anlaşılırmı? Vahid data reyestrləri formalaşırmı? Həmin datalar sabah vahid reyestrdə cəmləşmək üçün müəyyən bir formata malikdirmi? Təəssüf ki, xeyr.

Ona görə də bu kimi məsələlər ciddi şəkildə düşünülməlidir. Yəni, "rəqəmsallaşma nə üçün lazımdır?" sualının cavabı düzgün olmalıdır. Rəqəmsallaşma daha təhlükəsiz şəkildə necə həyata keçirilməlidir? Hansı sürətlə getməlidir? Kibertəhlükəsizlik məsələləri ilə rəqəmsallaşmanın sürəti sinxron, hətta kibertəhlükəsizlik iki addım öndə olmalıdır".

Elman Sadıqov fikirlərini belə yekunlaşdırıb:

"Rəqəmsallaşmanın hansı hədəfləri var? Təkcə ödənişlərmi və ya müəyyən əməliyyatların kağızdan kompüterə keçirilməsimi? Əslində, sadəcə bu deyil. Bu, məsələnin görünən tərəfidir. Hansı datalar necə formalaşmalıdırıb, yığılmalıdır? Datalardan necə istifadə edilməlidir? Ümumiyyətlə, data reyestri necə olmalıdır? Bunun təhlil istiqamətləri və qorunması necə həyata keçirilməlidir? 
 
Əlbəttə ki, bütün bu məsələlər öz həllini tapmalıdır. Rəqəmsallaşma üstünlük gətirə bilər. Amma hansı sahələrə üstünlük gətirir? Əgər düzgün bir şəkildə həyata keçirilərsə dataların qorunması, data reyestrinin düzgün formalaşması, doğru təhlili aparılmalıdır. Ən əsas məsələ kimi təhlükəsizlik məsələləri öz həllini tapdıqda, bu, bütün sahələrə öz töhfəsini verəcək.

Xüsusilə, ödəniş sistemlərində şəffaflığın artırılmasında, büdcə daxilolmaları kimi məsələlərdə rəqəmsallaşmanın tətbiqi çox önəmlidir. Lakin məsələ ondan ibarətdir ki, bu şəffaflıq hər bir istiqamətdə özünü biruzə verməlidir. Eyni zamanda, şəffaflıq qədər həm də dataların təhlükəsizliyi, yığılması və düzgün istifadə edilməsi məsələsi öz həllini tapmalıdır".

Pərviz

0