Qana kənd təsərrüfatında süni intellekt texnologiyalarından istifadə etməklə modernləşmə məqsədilə Yaponiyanın "Degas Limited" kənd təsərrüfatı texnologiyaları şirkətindən 100 milyon dollarlıq sərmayə alacaq.
HİT.az xəbər verir ki, Qana prezidenti Con Dramani Mahama, Yaponiyanın Yokohama şəhərində keçirilən 9-cu Tokio beynəlxalq Afrika inkişafı konfransı (TICAD) çərçivəsində "Degas Limited"in qurucusu və baş icraçı direktoru Doqa Makiura ilə görüş keçirib.
Prezident görüşdən sonra ABŞ mərkəzli sosial şəbəkə hesabında açıqlama edərək, bu investisiyanın ölkənin kənd təsərrüfatında dəyər zəncirlərini gücləndirəcəyini və gənclər üçün yeni məşğulluq imkanları yaradacağını bildirib.
Mahamanın sözlərinə görə, "Degas" indiyədək 122 min dönüm ərazidə 86 mindən çox kiçik fermerə maliyyə dəstəyi verib, onların gəlirlərini ikiqat artırıb və 95 faiz qaytarma göstəricisi əldə edib. Yeni layihə çərçivəsində süni intellekt əsaslı peyk izləmə və dəqiq əkinçilik metodları ilə istehsalın bütün mərhələlərində proseslər optimallaşdırılacaq, ərzaq təhlükəsizliyi gücləndiriləcək.
Şirkətin peyk nəzarəti və dəqiq kənd təsərrüfatı texnologiyaları vasitəsilə fermerlərə resursların bölgüsünü yaxşılaşdırmaq, qərar qəbuletməni sürətləndirmək və istehsalçıları birbaşa bazara çıxarmaq imkanı verəcəyi gözlənilir.
Bu təşəbbüs, Qana hökumətinin kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin artırılması və gənclərin işsizlik probleminin azaldılması siyasəti ilə üst-üstə düşür.
Samir