Robotlar Marsda sağ qala bilərmi? - Mütəxəssislərdən cavab

TEXNO
11:15 / 07.10.2025
105

İlon Maskın iddialı planına görə, insanabənzər robotlar bir gün Marsa gedib orada insanlıq üçün zəmin hazırlayacaq. Lakin mütəxəssislərə görə bu vizyon, hazırda xəyaldan kənara keçə bilmir.

HİT.az xəbər verir ki, Florida Ştat Universitetində Optimal Robot Texnologiyaları Laboratoriyasına rəhbərlik edən robot texnologiyaları mütəxəssisi Kristian Hubiçki "Forbes"ə verdiyi müsahibədə Maskın robotlarının tək başlarına qoyulduqda qısa müddətdə darmadağın olacağını bildirib.

"İnsanabənzər robotlar yıxılır, qırılır və onların kodu işləmir. Hal-hazırda bu robotlar hətta Yerdə belə tamamilə sərbəst işləyəcək qədər etibarlı deyil: Marsda isə heç deyil", deyə Hubiçki bildirib.

Mask son dövrdə "Tesla"nı təkcə avtomobil istehsalçısı olmaqdan çıxarıb robototexnika və süni intellektə yönəlmiş şirkətə çevirməyə çalışır.

Bu strategiyanın mərkəzində isə yaxınlarda təqdim edilən Robotaksi xidməti durur. Musk bu sistemin "Tesla"nın dəyərini trilyonlarla dollar artıracağını iddia edir. Lakin reallıq odur ki, bu vaxta qədər bu avtomobillər insan nəzarəti olmadan təhlükəsiz şəkildə sürüş edə bilməyib; onlar artıq bir neçə qəzaya da qarışıblar.

Maskın bu tənliyindəki ikinci böyük addım isə insanabənzər robot "Optimus"dur. Musk gələn il ayda 100.000 ədəd "Optimus" istehsal olunacağını iddia edir.

Lakin robototexnika sənayesi hələ belə bir istehsal miqyasına çata bilməyib; hətta bu cür robotların həqiqətən də geniş bazarı olub-olmayacağı da bəlli deyil.

Keçən ay paylaşılan bir təqdimat videosunda "Optimus"un performansı olduqca məhduddur: sadə suallara cavab verərkən gecikir, cümlə arasında ilişib qalır və yeriyərkən qeyri-sabit addımlar atır.

Mask "Optimus"u yalnız Yer üçün deyil, həm də Mars üçün dizayn etdiyini söyləyir. Hədəfi "şüuru ulduzlara daşımaq" kimi təyin etdiyi böyük vizyonunun bir hissəsidir.

Aprel ayında etdiyi açıqlamada, 2026-cı ilin sonuna qədər "Optimus" robotlarını "Starship" raketləri ilə Marsa göndərəcəyini və bu robotların planetin səthini kəşf edərək kolonizasiya prosesinə öncülük edəcəyini bildirib.

"İlk insanlı uçuş təxminən 5,5 il ərzində ola bilər, Mars şəhəri isə 20-30 il ərzində öz-özünə yetə bilər", deyə Musk yazıb.
 
Lakin bu, bir çox mütəxəssis üçün sadəcə bir "xəyal" olaraq qalır.

Hubiçkiyə görə əsas problem odur ki, robotlar kosmos mühitində öz-özünə təmir edə bilməyəcək qədər kövrəkdir. NASA-nın keçmişdə istifadə etdiyi "Robonavt" adlı insanabənzər robotlar hətta yalnız Beynəlxalq Kosmik Stansiyada (BKS) test edilmişdi; çünki onlar sıradan çıxanda dərhal yanlarında müdaxilə edə biləcək insanlar var.

"BKS-də insanlar robotu dərhal təmir edə bilir. Amma Marsda heç kim olmayacaq, ehtiyat hissə göndərmək də demək olar ki, mümkünsüzdür", deyə Hubiçki bildirib.

Hubiçkiyə görə, insanabənzər robotlar bir gün kosmos tədqiqatlarında istifadə oluna bilər, lakin əvvəlcə Ay kimi daha yaxın hədəfdə test edilmələri daha məntiqlidir.

Bundan əlavə, müxtəlif planet şəraiti üçün daha uyğun olan dizaynlarla da işlər aparılır. Məsələn, NASA-nın mühəndisləri Saturnun peyki Enseladusun buzlu səthində hərəkət edə bilməsi üçün ilan formasında bir robot üzərində işləyirlər. Bu robotlar tunellərdə sürünərək buzaltı okeanlara çata biləcək şəkildə dizayn olunur.

Lakin Hubiçki insanabənzər formada israr etmənin işləri daha da mürəkkəbləşdirdiyini vurğulayır:

"İnsanabənzər robotların etibarlılığında böyük bir sıçrayış olmazsa, Marsa göndərilən bir robot orada uzun müddət işlək vəziyyətdə qala bilməz".

Maskın vizyonu böyük olsa da, hazırkı texnologiya səviyyəsində insanabənzər robotların Marsda tək başlarına mövcud olması demək olar ki, mümkünsüzdür.

Mütəxəssislərə görə, insana bənzər formada israr etmək əvəzinə, müxtəlif planetlərin şəraitinə uyğun yeni robototexnika dizaynları hazırlamaq daha məntiqli yol ola bilər.

Samir
 

0