1965-ci ilin mart ayında, kosmos səyahətləri hələ də naməlumlarla dolu ikən, Sovet kosmonavtı Aleksey Leonovun həyata keçirdiyi missiya bəşəriyyət üçün böyük bir imtahana çevrilib.
HİT.az xəbər verir ki, Vosxod 2 adlı kosmos gəmisi ilə orbitə çıxan Leonov, bəşəriyyət tarixinin ilk kosmos gəzintisini həyata keçirib. Lakin bu tarixi an, təkcə texniki bir uğur deyildi; insan bədəninin kosmosa verdiyi reaksiyanı ortaya qoyan kritik bir təcrübə olub.
Leonov özünü kosmos gəmisinə birləşdirən incə bir xəttlə, qaranlıq və səssizliyin hökm sürdüyü boşluğa addım atıb. Göyün mütləq qara rəngi içərisində, yalnız Günəş işığı ilə parlayan kiçik bir mavi kürə kimi görünən Yer, onun yeganə istinad nöqtəsi olub. Lakin bu təsir edici mənzərənin ləzzətini çıxaracaq çox vaxtı yox idi. Kosmos paltarı, xarici mühitin aşağı təzyiqi səbəbilə sanki şişərək bir balon kimi qabarıb. Hərəkət edə bilməz vəziyyətə gələn Leonovun kosmos gəmisinə qayıtması demək olar ki, qeyri-mümkün görünürdü. Öz başına verdiyi qərar isə son dərəcə riskli idi: Paltarın daxili təzyiqini aşağı salaraq yenidən hərəkət qabiliyyəti qazandı və çətin də olsa içinə qayıtmağı bacardı. Bu qısa amma çətin gəzinti cəmi 12 dəqiqə çəkdi, lakin kosmosla insan bədəni arasındakı ilk birbaşa qarşılaşma kimi tarixə keçdi.
Kosmosda atmosfer yoxdur; yəni nə hava, nə külək, nə də səs var. Cazibə qüvvəsi də Yerdəki kimi işləmir. Beynəlxalq Kosmik Stansiyadan gələn videolarda gördüyümüz süzülmə vəziyyəti, ağırlıqsız mühitdən deyil, stansiyanın yüksək sürətlə Yer orbitində dolanmasından qaynaqlanır. Həqiqi mənada təhlükəli olan isə, ani təzyiq fərqidir.
Kosmosun vakuumu, tam mənada boş olmasa da, nəfəs almaq üçün uyğun mühit təqdim etmir. Maddə sıxlığı o qədər aşağıdır ki, səs belə ötürülə bilməz. Lakin problem təkcə xarici mühitlə məhdudlaşmır; insan bədəni bu şərtlər qarşısında tamamilə müdafiəsizdir.
Normal şəraitdə bədənimizdəki mayelər, xüsusilə də qan, 37°C temperaturda və Yer atmosferi şəraitində tarazlıqda qalır. Lakin xarici təzyiq qəfil aradan qalxarsa, bu mayelərin qaynama nöqtəsi aşağı düşür. Bu da, bədən mayelərinin bədən temperaturunda qaynamağa başlaması mənasını verir. Bu ölümcül hadisə "ebolizm" olaraq adlandırılır. Cəmi bir neçə saniyə ərzində şüurun itirilməsinə və çox qısa müddətdə həyat funksiyalarının dayanmasına səbəb ola bilər.
Buna görə də astronavt paltarları təkcə xarici amillərə qarşı bir qalxan deyil; eyni zamanda bədənə içəridən təzyiq tətbiq edən və sağ qalmaq üçün zəruri olan tarazlığı təmin edən inkişaf etmiş həyat sistemləri ilə təchiz edilmişdir. Bu paltarlar adətən 0,3 bar civarında daxili təzyiq təmin edir. Bu nisbət, sağ qalmaq üçün minimum hədd kimi qəbul edilir.
Kosmosdakı digər ciddi təhlükə, temperatur fərqidir. Günəşdən birbaşa işıq alan səthlərdə temperatur +150°C-dək çıxa bilərkən, kölgə qalan regionlar -150°C-dək enə bilər. Bu da eyni anda həm donmağa, həm də yanmağa açıq olmağınız mənasını verir. İnsan bədəni bu cür temperatur dəyişikliklərinə dözə bilməz. Buna görə də kosmos paltarları təkcə təzyiq deyil, həm də istilik nəzarəti təmin edir. İçərisində yerləşən soyutma sistemləri, bədənin sabit temperaturda qalmasını mümkün edir. Bundan əlavə, Günəşdən gələn zərərli şüalara və kosmik radiasiyaya qarşı qoruyucu qatlar içərir.
Kosmosun digər görünməz təhlükəsi isə kosmik radiasiyadır. Bu radiasiya, adətən Günəşdən və ya çox daha uzaq ulduzlardan gələn yüksək enerjili hissəciklərdən ibarətdir. Bu hissəciklər, uzunmüddətli məruz qalma vəziyyətində sinir sistemini pozabilər, hüceyrələrə ziyan vura bilər və DNT quruluşuna təsir edə bilər. Kosmos paltarları müəyyən dərəcədə qorunma təmin etsə də, radiasiya təsiri tamamilə aradan qaldırıla bilməz. Xüsusilə uzunmüddətli missiyalarda bu təhdid daha da aşkar olur.
Kosmosda yaşanan təhlükələr təkcə fiziki şəraitdən ibarət də deyil. Bütün hesablamalara və texnoloji tədbirlərə rəğmən, insan amilinin olduğu hər yerdə gözlənilməzi vəziyyətlər yarana bilir. Bunun heyrətamiz bir nümunəsi, 2013-cü ildə yaşandı. Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano, bir kosmos gəzintisi zamanı, paltarının soyutma sistemində yaranan nasazlıq səbəbilə dəbilqəsinin içərisinin yavaş-yavaş su ilə dolduğunu fərq etdi. Nəfəs almaqda çətinlik çəkməyə başlamış, görüş sahəsi sürətlə azalmışdı. Vəziyyət tez ciddiləşdi. Xoşbəxtlikdən, vaxtında müdaxilə edildi və hadisə fəlakətlə nəticələnmədən dəf edildi.
Xülasə, insan bədəni kosmos boşluğunda yaşamaq üçün uyğun deyil. Atmosferin qoruyuculuğu olmadan, hər şey ölümcül ola bilər: Təzyiq fərqi, temperatur uçurumları, görünməyən radiasiya və ya gözlənilməz bir sistem nasazlığı... Lakin hər bir kosmos gəzintisi, bu təhdidlərlə üz-üzə gəlməyin yanında, onları daha yaxşı anlamaq üçün də fürsət təqdim edir. Aleksey Leonovun ilk addımı ilə başlayan bu səyahət, bu gün hələ də hər yeni missiyada sərhədlərini axtarır.
Samir