“Microsoft” Avstraliya startapı IREN-ə 9,7 milyard dollar sərmayə yatırdı

TEXNO
20:22 / 03.11.2025
65

“Microsoft” korporasiyası Avstraliyanın bulud xidmətləri provayderi IREN ilə ümumi dəyəri 9,7 milyard dollar olan beşillik müqavilə imzalayıb. 

HİT.az "“Bloomberg”ə istinadən xəbər verir ki, razılaşma IREN-in Texas ştatındakı məlumat mərkəzində süni intellekt (Al) tapşırıqlarının yerinə yetirilməsi üçün “Nvidia GB300” sistemlərinə əsaslanan hesablama gücünün icarəsini nəzərdə tutur. Müqavilə 20 faiz həcmində ilkin ödənişlə həyata keçiriləcək və “IREN” tarixində ən böyük saziş olacaq.

Öhdəliklərin icrasına hazırlıq məqsədilə IREN eyni zamanda “Dell Technologies” şirkətindən 5,8 milyard dollarlıq qrafik prosessorlar və digər avadanlıqların alındığını elan edib.

IREN süni intellekt hesablamalarına yönəlmiş məlumat mərkəzi operatorları olan “neokloud” şirkətləri qrupuna daxildir. Bir çox həmkarları kimi, şirkət fəaliyyətinə “bitkoin” mədənçiliyindən başlayıb, lakin sonradan biznesini uğurla şaxələndirib. Al infrastrukturuna yatırımlar IREN üçün böyük nəticələr gətirib – şirkətin NASDAQ-dakı səhmləri ilin əvvəlindən bəri 500 faizdən çox bahalaşıb.

“Microsoft” üçün bu saziş “Azure AI Services” platformasına artan tələbi ödəmək və “OpenAI” kimi tərəfdaşları dəstəkləmək məqsədi daşıyan bulud infrastrukturunu genişləndirmə strategiyasının bir hissəsidir.

Yeni “GB300” sistemlərinin mərhələli şəkildə 2025-ci il ərzində Texas ştatının Çildress şəhərində yerləşən “IREN” sahəsində quraşdırılması planlaşdırılır. Bu mərkəzin gücü 750 meqavatt təşkil edir. Şirkət, həmçinin, “Sweetwater” adlanan ehtiyat mərkəzində 2 giqavattlıq əlavə potensiala malik olduğunu və bölgədə iri miqyaslı Sİ layihələrinə “artmaqda olan maraq” müşahidə etdiyini bildirir.

Samir

0