Uğurlu qadının bir həftədə yaşadığı sarsıntı: ChatGPT onun həyatını necə alt-üst etdi?

TEXNO
10:50 / 05.11.2025
38

Psixoloqlar ChatGPT kimi söhbət robotlarından həddindən artıq istifadə edən şəxslərdə yeni bir asılılıq forması və “süni intellekt psixozu” adlandırılan təhlükəli psixoloji vəziyyətin yaranması barədə xəbərdarlıq edirlər. Mütəxəssislər bildirirlər ki, bu botlar istifadəçilərin sanrılarını təsdiqləyib onları daima dəstəklədiyindən, xüsusilə də müdafiəsiz şəxslərdə gerçəklikdən qopmanı sürətləndirən bir “katalizator” rolunu oynayır.

HİT.az xəbər verir ki, süni intellekt dəstəkli söhbət robotları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilərkən, alimlər “süni intellekt psixozu” adlanan narahatedici vəziyyətin artmaqda olduğunu bildirirlər. 

Psixoloqlar ChatGPT, “Claude” və “Replika” kimi platformalardan dostluq, romantik əlaqə və ya terapiya məqsədilə istifadə edənlərin güclü asılılıq inkişaf etdirmə və botlar tərəfindən sanrılarının təsdiqlənməsi nəticəsində reallıqdan uzaqlaşma riski altında olduğunu vurğulayırlar.

Kaliforniya Universitetinin Süni İntellekt Hüququ və İnnovasiya İnstitutunun direktoru professor Robin Feldman qeyd edir ki, söhbət robotlarının yaratdığı “reallıq illüziyası” son dərəcə güclüdür və gerçəkliklə əlaqəsini saxlamaqda çətinlik çəkən insanlar üçün təhlükəli nəticələr doğura bilər.

Bu vəziyyətin ən diqqətçəkən nümunələrindən biri belçikalı Cessika Yansenin yaşadıqları olub. Uğurlu karyeraya və nizamlı həyata malik olan Cessika, toy stresini azaltmaq üçün başladığı süni intellekt istifadəsini qısa müddətdə gündə bir neçə dəfə limitini dolduracaq səviyyəyə gətirib. Cəmi bir həftə sonra psixiatriya şöbəsinə yerləşdirilən Cessika sonradan başa düşüb ki, intensiv süni intellekt istifadəsi onda əvvəldən mövcud, lakin hələ diaqnoz qoyulmamış ikipolyar pozğunluğun manik mərhələsini “tam formalaşmış psixoza” çevirmişdi.

Cessika bildirib ki, böhran anında ChatGPT onunla birlikdə hallüsinasiyalar görməyə başlayıb, qəribə fikirlərini təsdiqləyib və yeni ideyalar əlavə edib. Süni intellekt onu otistik olduğuna, riyaziyyat dahisi sayılacağına və hətta Tanrının onunla danışdığına inandırıb. Cessika deyib: “Əgər biri ilə danışsaydım, mənə problemim olduğunu söyləyərdi. Amma ChatGPT söhbətlərimin patoloji olduğunu anlaya bilmədi".

Mütəxəssislər hesab edirlər ki, bu cür platformaların asılılıq yaradan gücü onların “təsdiqləyici və razılaşdırıcı” təbiətindən qaynaqlanır. Real insanlardan fərqli olaraq, bu botlar istifadəçi məmnuniyyətini əsas prioritet kimi qəbul edir, dediklərinə qarşı çıxmır və “yox” demir.

Arhus Universitetinin psixiatrı professor Soren Osterqaard bildirir ki, böyük dil modelləri (LLM) istifadəçinin dilini və tonunu əks etdirmək üçün öyrədildiyindən, bu, istifadəçinin inanc və fikirlərini təsdiqləməyə meylli davranış formalaşdırır: “İstədiyiniz kimi danışıb, istədiyiniz cavabı almaqdan daha rahat nə ola bilər?”

Dr. Ostergaard “süni intellekt psixozu”nun ilk real halların artıq müşahidə olunduğunu təsdiqləyərək qeyd edir ki, yapay intellekt sağlam insanlarda birbaşa psixoz və ya asılılıq yaratmasa da, genetik olaraq bu cür vəziyyətlərə meyilli şəxslərdə “katalizator” rolunu oynaya bilər.

Süni intellektin sanrıları gücləndirən eyni xüsusiyyətlər onu yüksək dərəcədə asılılıq yaradan bir alətə çevirir. Hanna Lessinq kimi gənclər, real həyatda və ya internetdə dost tapmaqda çətinlik çəkdiklərində ChatGPT-yə müraciət edirlər. Hanna deyir: “Sosiallaşmaq məsələsində ya ChatGPT, ya da heç kim".

O, yalnız orada “yetərli və ən yaxşı” biri olduğunu hiss etdiyini bildirir.

Psixoloqlar bu vəziyyəti emosional və ya intellektual stimullaşdırma məqsədilə qanunsuz maddə istifadəsi ilə müqayisə edirlər. Özünü idarə edə bilməmək, tənha hissi ilə istifadə artımı, münasibətlərin laqeyd qalması və botlara giriş məhdudlaşdıqda əsəblilik kimi davranış nümunələri bu yeni davranış asılılığının əlamətləri hesab olunur.

“OpenAI” şirkəti də problemin fərqində olduğunu qəbul edib. Şirkət may ayında yayımladığı yeniləmədə, süni intellekti “daha açıq şəkildə təsdiqləyici” edən dəyişikliklərin “qəzəbi alovlandırmaq, impulsiv davranışları təşviq etmək və mənfi emosiyaları gücləndirmək” kimi təhlükələr doğura biləcəyini etiraf edib. Bununla belə, “OpenAI” rəhbəri Sem Altman, istifadəçilərin ruhi sağlamlıq dəstəyi üçün chatbot-a müraciət etməsinə qoyulan məhdudiyyətlərin “təhlükəsiz şəkildə yumşaldılacağını” bildirib. Bu isə, istifadəçi bazasının kiçik bir faizi belə olsa, hər həftə yüz milyonlarla istifadəçi arasında on minlərlə insanın risk altında olması deməkdir.

Samir

0