Süni intellekt bir neçə il ərzində klaviaturaları tarixə qovuşdura bilər

TEXNO
18:36 / 18.11.2025
36

Faks aparatları və disketlər kimi, bir zamanlar ofislərin ayrılmaz texnologiyaları indi gənc nəsil üçün sadəcə maraqlı əşyaya çevrilib. Yeni bir araşdırma göstərir ki, iş gücünə daxil olmağa hazırlaşan Alfa nəsli (2010 və sonrası doğulanlar) ilə birlikdə ofislərdən səs-küysüz şəkildə yox olacaq növbəti vasitə, gündəlik işimizdə standart hesab etdiyimiz klaviaturalar ola bilər.

HİT.az xəbər verir ki, London School of Economics (LSE) və "Jabra" şirkətinin birgə apardığı araşdırma gələcək nəsil işçilərin e-poçt yazmağa ehtiyac duymayacağını iddia edir. Bunun əvəzinə, 2028-ci ilə qədər səs texnologiyası iş yerində ünsiyyət və məhsuldarlıq üçün standart iş üsuluna çevriləcək.

LSE-dən professor Maykl Mutxukrişna hesab edir ki, bu dəyişiklik düşündüyümüzdən daha tez baş verəcək. Araşdırmaçılar səs texnologiyasındakı bu sürətli artımı iş yerində məhsuldar süni intellekt alətlərinin əhəmiyyətinin artması ilə əlaqələndirir. İnsanlar artıq hesabat və mesajların ilkin layihələrini hazırlamaq üçün səsdən mətbə çevirmə və dikte proqramlarından daha çox istifadə edəcəklər.

"Jabra"dan Paul Sephton deyir: “Alfa nəsli iş gücünə daxil olduqda, süni intellekt tam yerləşmiş olacaq və edilən işlər yazılmadan əvvəl danışılacaq".

Klaviaturalar növbəti üç il ərzində yalnız mətndə incə tənzimləmə və düzəliş üçün istifadə olunacaq. Gələcəkdə ilkin layihələr səs ilə hazırlanacaq, çünki işçilər ideyalarını təşkil edən, qeydlər aparan və tapşırıqları yerinə yetirən AI alətləri ilə yüksək səslə düşünərək işləyəcək. Yazmaq artıq düşünmək deyil, sadəcə redaktə etmək mənasını verəcək.

Araşdırmanın maraqlı nəticələrindən biri də klaviaturanı tərk etmək istəyənlərin yalnız gənc işçilər olmamasıdır. Hesabata görə, yaşlı işçilər də Z nəsli həmkarlarına nisbətən səs texnologiyasından istifadə etməyə daha həvəslidirlər. Sorğu iştirakçılarının 14%-i AI alətlərini istifadə edərkən yazmaq əvəzinə danışmağı seçdiklərini bildiriblər; çünki danışaraq AI-dən istifadə daha asan və rahatdır.

Lakin klaviaturanın “ölümü” bəzi mühüm çatışmazlıqları da gətirir. Araşdırma göstərir ki, səs ilə idarə edənlər bəzi tapşırıqlarda yazanlara nisbətən 20% daha aşağı performans göstərir. Bu, “mürəkkəb fikirləri yüksək səslə ifadə etmənin çətinliyi” ilə izah olunur. Həmçinin açıq planlı ofislərdə yüksək səslə danışmaq məxfilik və məlumat təhlükəsizliyi risklərini artırır.

Bir iştirakçı, başqalarının eşitməsindən qorxduğu üçün yazmağı üstün tutduğunu bildirir. Eyni zamanda səs məlumatlarının, modellərini təlimləndirmək üçün istifadəçi məlumatlarından yararlanan AI şirkətlərinə verilməsindən də narahatdır. Səs qeydlərini göndərmək asan olsa da, ofis mühitində onların istifadəsi praktikliyi sual altında qoyur. Mütəxəssislər vurğulayır ki, yazılı mesajı oxumaq səs yazısını dinləməkdən daha sürətli və asandır. Yazılı mətnlər “daş kimi sabit” struktura malik olduğundan sonradan yenidən müraciət və yoxlama üçün də daha praktikdir.

ESSEC Biznes Məktəbindən professor Fabrice Kavarretta hesab edir ki, yazılı sözlər ofis mühitindən tamamilə yox olmayacaq. Kavarretta bildirir: "Mənim gözləntim odur ki, səs getdikcə daha çox giriş üsulu kimi istifadə olunacaq, amma AI alətləri vasitəsilə təşkilatlar daxilində sistematik şəkildə mətne çevriləcək".

Bu, klaviaturalar yox olsa da, mətn əsaslı ünsiyyətin süni intellekt vasitəsilə davam edəcəyinə işarədir.

Samir
 

0