Bitməyən hekayə: "iPhone 18"də olacaq, ya yox?

TEXNO
19:29 / 10.12.2025
49

2026-cı ildə təqdim ediləcəyi gözlənilən "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modelləri ilə bağlı iddialar səngimir. Çinli bir sızıntı mənbəyi bildirir ki, "Apple" şirkəti özünün ən mühüm təhlükəsizlik xüsusiyyəti olan "Face ID "sensorunu yeni mikro şəffaf şüşə texnologiyası vasitəsilə tamamilə ekranın altına yerləşdirməyi planlaşdırır.

HİT.az xəbər verir ki, "Smart Pikachu" adlı sızıntı mənbəyinin "Weibo" platformasında yaydığı iddiaya görə, "Apple" şirkəti xüsusi bir mikro şəffaf şüşə növü hazırlayaraq ekran altı "Face ID" texnologiyasını "iPhone 18" seriyasına gətirməyə hazırlaşır.

Sızıntını yayan mənbə 2026-cı ildə hansı "iPhone" modellərinin bu texnologiyanı alacağını dəqiqləşdirməyib. Lakin əvvəlki məlumatlara və texnologiyanın tələb etdiyi mühəndislik çətinliklərinə əsasən, bu böyük yeniliyin ilk növbədə "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" versiyalarında tətbiq olunacağı gözlənilir.

Mənbənin sözlərinə görə, "Apple" təchizat zənciri tərəfdaşlarına istehsalı sürətləndirməyi tapşırıb. Bu isə şirkətin ekran altı "Face ID" funksiyasını "iPhone 18 Pro" seriyasında təqdim etməyə ciddi şəkildə hazırlaşdığının göstəricisidir.

Bununla belə, məlumatlara ehtiyatla yanaşmaq lazımdır. Çünki ekran altı "Face ID" haqqında iddialar zaman-zaman bir-birinə zidd olur. Məsələn, may ayında "The Information" nəşri "Apple"ın "Face ID"nı ekranın altına keçirməyi planlaşdırdığını, lakin ön kamera üçün ekranın sol üst küncündə kiçik bir deşik saxlanacağını bildirmişdi.

Sektor analitikləri də bu ehtimalları dəstəkləyir. Analitik Ross Yanq 2026-cı ildə satışa çıxarılacaq bəzi "iPhone" modellərinin ekran altı "Face ID" xüsusiyyətinə malik olacağını, lakin "Apple"ın yenə də kiçik bir çentiği qoruyacağını qeyd etmişdi. "Bloomberg" əməkdaşı Mark Qurman isə şirkətin 2026 modellərində daha kiçik "Dynamic" Island istifadə etməyi planlaşdırdığını yazmışdı.

Samir

0