"Google" yeni funksiyasını sınaqdan keçirir

TEXNO
12:25 / 17.12.2025
41

"Google” mobil “Chrome” brauzerində axtarışın əsas səhifəsində yer alan “Discover” – “Tövsiyələr” lentində yeni funksiyanın sınaqlarına başlayıb.

Hit.az xəbər verir ki, istifadəçilərə hansı mövzuları və mənbələri daha tez-tez görmək istədiklərini, hansılarından isə əksinə, imtina etmək istədiklərini əl ilə tənzimləmək imkanı verilir.

Bu tənzimləmə mətn sorğusu vasitəsilə həyata keçirilir. İstifadəçi birbaşa olaraq daha çox reseptlər, texnologiya xəbərləri və ya konkret bir nəşrin materiallarını görmək istədiyini yaza bilər.

Eyni zamanda hansı məzmunun göstərilməməli olduğunu da qeyd etmək mümkündür. Məsələn, siyasi xəbərləri tamamilə istisna etmək olar. Sorğunu süni intellekt köməkçisi “Gemini” emal edir və bundan sonra lentdəki xəbərləri uyğun şəkildə dəyişir.

Funksiyanı sınaqdan keçirmək üçün düymə “Tailor your feed” adlanır. Hazırda bu düymə yalnız ABŞ-da olan istifadəçilərin bir hissəsində görünür və tənzimləmə yalnız ingilis dilində əlçatandır.

Daha əvvəl bildirmişdik ki, “Google” “Android” üçün “canlı” audio tərcümə texnologiyasını işə salıb. Bu texnologiya “Gemini” neyron şəbəkəsi əsasında işləyir, 70-dən çox dili dəstəkləyir və danışanların intonasiyasını qoruyub saxlaya bilir.

Bundan əlavə, “Google” bu yaxınlarda 2025-ci il üçün sevimli “Chrome” genişlənmələrini də açıqlayıb. Onların hamısının bu və ya digər şəkildə süni intellektdən istifadə etməsi təəccüblü deyil.

Samir
 

0