Böyük Britaniya hökuməti yetkinlik yaşını təsdiqləməyən istifadəçilər tərəfindən genital görüntülərin çəkilişini və yayılmasını məhdudlaşdırmaq üçün “Apple” və “Google”u əməliyyat sistemləri səviyyəsində çılpaq bədənin tanınması alqoritmlərini tətbiq etməyə məcbur etməyi planlaşdırır.
Hit.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, müvafiq tədbirlər Böyük Britaniyanın Daxili İşlər Nazirliyi tərəfindən qadınlara qarşı zorakılığa qarşı mübarizənin yenilənmiş strategiyası çərçivəsində hazırlanır. Sənədin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Britaniya hakimiyyəti 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələrə girişin qadağan edilməsini nəzərdə tutan Avstraliya modelini tətbiq etməyib. Bunun əvəzinə uşaqların zərərli məzmunu izləməsinin qarşısının alınmasına və daxili qoruma mexanizmlərinin gücləndirilməsinə üstünlük verilib.
Uşaqların müdafiəsi üzrə nazir Cess Fillips bəzi istehsalçıların təşəbbüslərini müsbət qiymətləndirib. O cümlədən, “HMD Global” tərəfindən təqdim olunan və uşaqlar üçün nəzərdə tutulmuş “HMD Fuse” smartfonunu qeyd edib. Bu cihaz Britaniyanın “SafeToNet” şirkətinə məxsus “HarmBlock” proqram təminatından istifadə edir və açıq-saçıq görüntüləri avtomatik aşkarlayaraq bloklayır.
Hazırda “Android” və “iOS” gənc istifadəçilər üçün həssas məzmunla bağlı xəbərdarlıq funksiyaları təklif edir. Lakin bu məhdudiyyətləri giriş kodu vasitəsilə söndürmək mümkündür. Eyni zamanda nə “Apple”, nə də “Google” üçüncü tərəf tətbiqləri də daxil olmaqla, bütün əməliyyat sistemi səviyyəsində işləyən universal çılpaq görüntü bloklama sisteminə malik deyil.
“Apple” valideyn nəzarəti və arzuolunmaz məzmun barədə bildiriş alətlərini yalnız öz xidmətləri çərçivəsində təqdim edir. “Google” isə oxşar mexanizmləri “Family Link” platforması vasitəsilə reallaşdırır və bu platforma uşaqların müəyyən tətbiqlərə və “Android” axtarış funksiyalarına çıxışını məhdudlaşdırmağa imkan verir.
Samir


