Enerji saxlanması sahəsində inqilab vəd edən yeni kəşf elm dünyasında böyük maraq doğurub. Alimlər dünyanın ən bol mənbələrindən biri olan qrafiti istifadə edərək, qrafenin strukturunu indiyədək görünməmiş şəkildə manipulyasiya etməyə nail olublar.
HİT.az xəbər verir ki, “M-rGO” adlanan bu yeni material həm rekord səviyyədə enerji saxlama qabiliyyəti təqdim edir, həm də bu enerjini son dərəcə yüksək sürətlə boşalda bilir. Bu yenilik ağıllı telefonlardan tutmuş elektrikli avtomobillərə qədər bir çox sahədə istifadə olunan batareyaların yerini ala biləcək superkondensatorlara yol açır.
Ənənəvi batareyalar enerjini kimyəvi rabitələrdə saxladığı halda, superkondensatorlar elektrik yükünü səthlərində toplayır. Bu isə onların xeyli sürətlə şarj olunmasına və enerjini ani şəkildə ötürməsinə imkan verir. Lakin indiyədək bu cihazların əsas problemi materialın potensial tutumunun yalnız çox kiçik hissəsindən istifadə olunması idi. Qrafen lövhələri üst-üstə yığıldıqda bir-birinə həddindən artıq sıx yapışır və enerji daşıyan ionların hərəkəti üçün boşluq qalmırdı. Alimlər bu maneəni aradan qaldırmaq üçün qrafeni iki mərhələli istilik emalından keçirərək mürəkkəb və əyri bir şəbəkə quruluşu formalaşdırıblar.
Monaş Universitetindən professor Mainak Macumderin rəhbərliyi ilə aparılan tədqiqat göstərir ki, bu yeni struktur ionlar üçün həm çox böyük səth sahəsi yaradır, həm də sürətli hərəkət yolu təmin edir. Nəticədə enerji həm yüksək sıxlıqla saxlanılır, həm də lazım olduqda saniyələr ərzində sərbəst buraxılır. Tədqiqat qrupu bu materialı hazırda ağıllı telefonlardan dronlara qədər bir çox cihazda istifadə olunan elastik quruluşlu “pouch cell” batareya hüceyrələrinə inteqrasiya edib. Əldə olunan nəticələr mövcud texnologiyalarla müqayisədə daha kiçik ölçüdə, lakin daha yüksək performanslı enerji mənbələrinin istehsalının mümkün olduğunu göstərir.
Bu kəşf xüsusilə enerjiyə tələbatı yüksək olan geyilə bilən texnologiyalar və mürəkkəb elektron sistemlər üçün mühüm əhəmiyyət daşıyır. Əgər texnologiya geniş tətbiq olunarsa, saatlarla şarj gözlədiyimiz cihazlar cəmi bir neçə dəqiqə ərzində tam doluluğa çata və daha uzun müddət yüksək performansla işləyə bilər. Ağır və həcimli ənənəvi batareyaların yerini alan bu yüngül və elastik hüceyrələr texnologiyanın fiziki sərhədlərini daha da irəli aparır. Elm ictimaiyyəti hesab edir ki, bu yenilik bir çox sahədə klassik batareyaları tam əvəz edə və enerji saxlanmasını daha səmərəli hala gətirə bilər.
Samir


