Yeni kompüter alacaq olanlara pis xəbər: Eyni pula daha zəif sistemlər alacaqsınız

TEXNO
18:20 / 16.01.2026
48

Kompüter bazarı 2025-ci ildə əldə etdiyi 9 faizlik artım tempindən sonra gözlənilməz bir böhranın astanasına gəlib. Sektor analizləri ilə tanınan “Omdia” və “IDC” kimi qurumlar texnologiya həvəskarlarını və son istifadəçiləri məyus edəcək məlumatlar paylaşıb. 

HİT.az xəbər verir ki, 2025-ci il ərzində kompüterlərdə istifadə olunan RAM yaddaşının qiymətlərinin 70 faiz artması istehsalçıları ciddi qərarlar verməyə məcbur edib. Üstəlik, 2026-cı ilin birinci rübündə bu qiymətlərə əlavə 50 faizlik artımın da gözlənildiyi bildirilir. Bu isə yeni kompüter almağı planlaşdıranlar üçün büdcələrin daha da çətinləşəcəyi deməkdir.

Bu astronomik bahalaşmanın əsas səbəbi süni intellektə olan qlobal tələbatdır. Yaddaş istehsalçıları daha gəlirli hesab edilən məlumat mərkəzləri və süni intellekt serverləri üçün xüsusi komponentlərə üstünlük verirlər. Nəticədə ev və ofis kompüterlərində istifadə olunan standart “DDR” yaddaşların istehsalı arxa plana keçib.

Təklifin tələbi qarşılamaması yalnız RAM qiymətlərinə deyil, eyni zamanda SSD daşıyıcılarının maya dəyərinə də təsir göstərib. Məlumata görə, ötən il SSD qiymətləri təxminən 40 faiz bahalaşıb. Bunun fonunda iri texnologiya şirkətləri mənfəət marjalarını qorumaq üçün strategiyalarını yenidən nəzərdən keçirməyə başlayıblar.

Orta və aşağı seqment kompüterlər zəifləyir

Komponent qiymətlərindəki artımın ən ağır nəticələri büdcəyə uyğun kompüter axtaran istifadəçilərə təsir edir. Analitiklər hesab edirlər ki, 2026-cı ildə istehsalçılar daha çox yüksək gəlirli, üst seqment modellərə fokuslanacaq. Orta və giriş səviyyəli cihazlarda isə xərcləri azaltmaq üçün daha az RAM və daha kiçik yaddaş həcmləri təklif olunacaq. Bu da o deməkdir ki, istehlakçılar eyni məbləğə əvvəlkindən daha zəif performans göstərən kompüterlərlə kifayətlənməli olacaqlar.

Noutbuk bazarında da mənzərə ürəkaçan deyil. “Trendforce” tərəfindən hazırlanan hesabatlara görə, 2026-cı ildə qlobal noutbuk tədarükü ən azı 5,4 faiz azalacaq. Əgər yaddaş böhranı dərinləşərsə, bu enişin 10 faizi keçməsi də istisna olunmur.

Kompüter bazarının təxminən 80 faizini noutbuk modellərinin təşkil etdiyini nəzərə alsaq, bu daralmanın bütün sektoru sarsıdan ciddi dalğaya çevrilə biləcəyi bildirilir. Sektor nümayəndələri vurğulayır ki, yaddaş bazarındakı qeyri-müəyyənliklər səbəbindən qarşıdakı 12 ay son illərin ən dəyişkən və proqnozlaşdırılması çətin dövrlərindən biri olacaq.

Samir
 

0