Ev təsərrüfatlarında telefon, planşet və noutbuk kimi çoxsaylı elektron qurğuların istifadəsi şarj cihazlarını gündəlik ehtiyaca çevirib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, şarj cihazını "rozetka"da (elektrik yuvası) bağlı saxlamaq bir sıra risklər yarada bilər.
HİT.az-ın məlumatına görə, "Better Homes & Gardens" nəşrinə danışan ekspertlər bildiriblər ki, şarj cihazının istifadə edilmədiyi halda da "rozetka"da qalması zamanla həm ev üçün, həm də cihazların özü üçün təhlükə yarada bilər. Onların sözlərinə görə, bir-iki dəfə unutmaq ciddi problem yaratmasa da, bu vərdiş davamlı hal alarsa, maddi zərərə və texniki nasazlıqlara səbəb ola bilər.
Şarj cihazını gecə boyu "rozetka"da saxlamaq təhlükəlidirmi?
Mütəxəssislər vurğulayır ki, şarj cihazını şəbəkədən ayırmaq yanğın, qısaqapanma və digər nasazlıqların riskini azaldır. ABŞ-də fəaliyyət göstərən "Grounded Electric" şirkətinin təsisçisi, lisenziyalı elektrikçi Barret Abramov bildirir ki, keyfiyyətsiz və ya zamanla zədələnmiş şarj cihazları həddindən artıq qızaraq yanğına səbəb ola bilər.
"Hətta yüksək keyfiyyətli şarj cihazları da müəyyən şəraitdə qızına bilər. Ona görə istifadə olunmadıqda onları rozetkadan çıxarmaq sağlam düşüncənin tələbidir", deyə Abramov qeyd edib.
Şarj cihazı telefona qoşulu olmasa da, enerji sərf edirmi?
Ekspertin sözlərinə görə, şarj cihazı telefona qoşulmasa belə, şəbəkədə qaldığı müddətdə az miqdarda elektrik enerjisi sərf edir. Bu göstərici 0,1–0,5 vatt arasında dəyişə bilər. İl ərzində isə bu, xüsusilə çoxlu cihaz olan ailələr üçün əlavə enerji itkisi və xərc deməkdir.
Şarj cihazını şəbəkədə saxlamağın yeganə üstünlüyü nədir?
Mütəxəssislər bildirir ki, yeganə üstünlük ondan ibarətdir ki, növbəti dəfə istifadə zamanı yenidən taxmağa ehtiyac qalmır. Bununla belə, şarj cihazını rozetkadan çıxarmaq enerji qənaəti, yanğın riskinin azalması və cihazın ömrünün uzadılması kimi daha ciddi üstünlüklər yaradır.
Bu vərdişi necə formalaşdırmaq olar?
Ekspertlər şarj cihazlarını şəbəkədən çıxarmağı vərdiş halına salmaq üçün bir neçə sadə tövsiyə verirlər:
* Evdə xüsusi “şarj zonası” yaradın;
* Enerji baxımından səmərəli şarj cihazlarından istifadə edin;
* Bir neçə cihazı açma-söndürmə düyməsi olan uzadıcıya qoşun;
* Otaqdan çıxarkən uzadıcını tam söndürün.
Bu tövsiyələrə əməl etdikdə həm enerji sərfiyyatının azaldığı, həm də şarj cihazlarının daha uzunömürlü olduğu müşahidə olunur.
Samir


