Son araşdırmalara əsasən, qlobal televiziya tədarükləri 1 faiz azalıb.
HİT.az xəbər verir ki, “Samsung” liderliyini qorusa da, “TCL” yüksəlişini davam etdirir. “MiniLED” və böyük ekranlı televiziyalar 2026-cı ildə rəqabəti daha da gücləndirəcək.
Bazar araşdırma şirkəti “Counterpoint Research”in Qlobal Aylıq TV İzləmə hesabatına görə, 2025-ci ilin noyabr ayında qlobal televiziya tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz geriləyib. Beləliklə, sentyabr və oktyabr aylarında müşahidə olunan məhdud bərpa prosesi yenidən geriyə dönüb. Aylıq müqayisədə isə noyabrda tədarüklər 15 faiz azalıb. Bu geriləmənin əsas səbəbi kimi ilin sonu satış dövrü ərəfəsində sentyabr və oktyabr aylarında formalaşan ehtiyat yığımı göstərilir.
2025-ci ilin noyabr ayı etibarilə “Samsung” 17 faizlik bazar payı ilə qlobal televiziya bazarında lider mövqeyini saxlayıb. Bununla belə, şirkətin tədarükləri illik müqayisədə 3 faiz azalıb. Nəticədə “Samsung”un bazar payı 2024-cü ilin noyabrındakı 18 faiz səviyyəsindən 17 faizə enib.
“TCL” qlobal televiziya bazarındakı mövqeyini gücləndirərək lider marka ilə arasındakı fərqi bir qədər də azaldıb. Çin bazarındakı durğunluğa baxmayaraq, şirkətin qlobal televiziya tədarükləri 20 faiz artıb. Bu göstərici markanın rəqabət qabiliyyətinin getdikcə yüksəldiyini ortaya qoyur.
“Counterpoint Research”in assosiasiya direktoru Suconq Lim bildirib ki, “TCL”in “MiniLED” kimi yüksək ayırdetmə qabiliyyətli texnologiyaları rəqabətədavamlı qiymətlərlə təqdim etməsi xüsusilə Şərqi Avropa, Yaxın Şərq və Afrika (MEA) bazarlarında güclü tələbat yaradıb.
Digər Çin istehsalçısı “Hisense” qlobal reytinqdə üçüncü yeri qorusa da, tədarükləri 13 faiz azalıb. Bu geriləmədə şirkətin Çin bazarından yüksək dərəcədə asılı olması mühüm rol oynayıb. 2025-ci ilin ilk yarısında “Hisense”in ümumi tədarüklərinin 27 faizi Çin bazarının payına düşüb və bu ölkədə tədarüklər eyni dövrdə 24 faiz azalıb.
“LG Electronics” isə noyabr ayında daha müsbət nəticələr göstərib. Şirkətin televiziya tədarükləri illik müqayisədə 7 faiz artıb, bazar payı isə 8 faizdən 9 faizə yüksəlib. Çin bazarından nisbətən az asılı olan “LG” Şimali Amerika və Latın Amerikasında güclü tələbdən faydalanıb. Bu regionlarda tədarüklər müvafiq olaraq 8 və 29 faiz artıb.
“Walmart” 2024-cü ilin dekabrında “Vizio”nun satınalmasını tamamladıqdan sonra televiziya bazarında sürətli yüksəliş nümayiş etdirib və qısa müddətdə ilk beş istehsalçı sırasına daxil olub. Şirkət öz “ONN” markası və törəmə şirkəti “Vizio” ilə birlikdə Şimali Amerikada “Samsung”un ən güclü rəqiblərindən birinə çevrilir.
“Counterpoint Research”in tədqiqat direktoru Bob O’Brayenin sözlərinə görə, 2025-ci ilin noyabr ayına qədər olan dövrdə “Samsung” “TCL” qarşısında liderliyini qoruyub. Bu müddətdə “Samsung”un ümumi tədarük payı 16 faiz səviyyəsində sabit qalıb, qlobal televiziya tədarükləri isə ümumilikdə 0,6 faiz azalıb.
O’Brayen proqnozlaşdırır ki, 2026-cı ildə “Samsung” lider mövqeyini saxlayacaq, lakin “TCL”, “Hisense” və “Xiaomi” kimi Çin markaları müxtəlif seqmentlərdə sürətli genişlənmə göstərəcək. Xüsusilə “MiniLED” və orta-yüksək seqment böyük ekranlı televiziyalarda artan tədarüklər bazardakı rəqabət təzyiqini əhəmiyyətli dərəcədə artıracaq.
Samir


