Texnologiya bizi hər an “onlayn” olmağa məcbur etdiyi bir dövrdə, simsiz qulaqlıqlar standart hal almışdı. Lakin küçələrdə gözlənilməz bir mənzərə ilə qarşılaşmağa başladıq: əvvəllər modadan düşmüş və rəfdə qalmış nazik ağ simli olan qulaqlıqlar yenidən populyarlaşır. Smartfonlardan qulaqlıq girişlərinin tədricən silindiyi bu rəqəmsal dövrdə, yeni nəsilin kabelli modellərə qayıtması sadəcə nostalji deyil, daha dərin səbəblərə malikdir.
HİT.az xəbər verir ki, bu trendin başlanğıcı, ən lüks kabellərsiz texnologiyalara çıxışı olan dünya ulduzları tərəfindən atıldı. Steph Curry, Zendaya, Drake və məşhur idmançılar kameralar qarşısında dolanan kabeli olan qulaqlıqlarla görünürlər. Bu seçim yalnız bir stil məsələsi deyil; eyni zamanda hər an əlçatan olma və daima yenilənmə təzyiqinə qarşı səssiz bir etiraz rolunu oynayır. Sosial mediada yalnız bu “retro” trendi izləyən hesablar artıq böyük kütlələrə çatıb.
Bəs kabellərsiz azadlıq varkən insanlar niyə yenidən kabellərə sığındı? Cavab sadədir: praktik səbəblərdə. Qulaqdan düşüb itib gedən kiçik qulaqlıqlar, daimi bitən şarjlar və əlaqə kəsilmələri istifadəçiləri yorub. Kabeli olan modellər isə “tax və işlət” rahatlığı ilə həm vaxt qazanmağa, həm də iqtisadi həll təqdim etməyə imkan verir. Üstəlik, səs keyfiyyətinə diqqət edənlər üçün kabelli bağlantı məlumat itkisinə yol vermədiyi üçün hələ də zəngin musiqi təcrübəsi vəd edir. Analoq dünyanın sadə vərdişləri, məsələn qulaqlığı yanındakı ilə paylaşmaq da əlavə üstünlükdür.
Əsas məsələ rəqəmsal dünyadan müəyyən məsafə saxlamaq arzusudur. Müasir cəmiyyət hər an bildiriş yağışı altındadır; kabelli qulaqlıqlar isə bir növ sərhəd çəkmə vasitəsinə çevrilib. İnsanlar ani kameralar və mexaniki klaviaturalara tutunaraq anı yaşamağa və rəqəmsal səs-küydən uzaqlaşmağa çalışır. Gənc nəsil bahalı cihazlara asılı qalmaq əvəzinə sadəliyin və funksionallığın dəyərini yenidən kəşf edib.
Qısacası, nazik ağ kabellər mürəkkəbləşmiş müasir həyatdan yorulanlar üçün daha sakit və sadə bir dövrə açılan kiçik bir qapıdır.
Samir


