"Samsung" ağıllı televizorlarının sahibləri məxfilik parametrlərinə diqqət yetirməlidirlər.
HİT.az “Tom’s Guide” portalına istinadən xəbər verir ki, bir çox "Smart TV" modeli istifadəçi məlumatlarını toplama funksiyasını standart olaraq aktivləşdirir, o cümlədən siz nə izlədiyinizi və nə qədər müddət izlədiyiniz barədə məlumatları.
Bu, "Automatic Content Recognition" (ACR) texnologiyası vasitəsilə həyata keçirilir. O, siqnalın mənbəyindən asılı olmayaraq – yayımlanan TV, HDMI bağlantısı və ya axın xidmətləri – kontenti analiz edir. Toplanan məlumatlar sizin izləmə vərdişlərinizi əks etdirən profil yaradır və "Samsung" bunu fərdi reklam göstərmək üçün istifadə edir.
Bundan əlavə, "Smart TV"də səsli idarəetmə aktivdirsə, cihaz səsli əmrləri də emal edir ki, bu da müəyyən məlumatların toplanması ilə bağlıdır.
Məlumat toplama funksiyasını "Samsung" televizorunda necə söndürmək olar?
Ekspertlər bildirirlər ki, bu mexanizmlər sistemdə standart olaraq mövcuddur, lakin istifadəçi onları istədiyi vaxt söndürə bilər.
Bunun üçün televizorun menyusuna daxil olun, “Dəstək” bölməsini açın, sonra “Şərtlər və məxfilik”ə keçin və məxfilik parametrlərini tapın. Bu bölmədə aşağıdakı funksiyaları söndürün:
* Viewing Information Services (ACR-i söndürür)
* Interest-Based Advertising (Fərdi maraqlara əsaslanan reklamı söndürür)
* Voice Recognition Services (Səs məlumatlarının toplanmasını söndürür)
Bu dəyişikliklər televizorun performansına, görüntü keyfiyyətinə və tətbiqlərin işləməsinə təsir etməyəcək. Sadəcə "Samsung"un fəaliyyətlərinizi izləməsinin qarşısını alırsınız.
“Sadəcə film izləsəniz belə, vərdişləriniz barədə məlumat analitika və hədəflənmiş reklam üçün istifadə oluna bilər. Lazımsız məlumat toplama funksiyalarını söndürmək şəxsi məxfilik səviyyəsini artırmağın sadə yoludur”, deyə ekspertlər bildiriblər.
Samir


