Metal yığınlarından süni əzələlərə: Robot dünyasında yumşaq inqilab

TEXNO
23:53 / 25.02.2026
58

2026-cı il bəşəriyyət üçün çətin başlanğıc etsə də, robot texnologiyaları baxımından yeni bir mərhələnin əsasını qoyur. 

HİT.az xəbər verir ki, son dövrlərdə inkişaf etdirilən humanoid robotların canlılara xas axıcı və təbii hərəkətləri uğurla təqlid etməsi əslində böyük transformasiyanın göstəricisidir. Çünki bu günədək istifadə olunan maşınların əksəriyyəti təbiətdəki canlılardan fərqli olaraq daha sərt və mexaniki hərəkət prinsiplərinə əsaslanırdı.

Zavodlarda rast gəlinən robot qollarını və ya iri sənaye avadanlıqlarını nəzərə alaq. Bu sistemlər bir nöqtədən digərinə yüksək dəqiqlik və sürətlə hərəkət edir. Lakin bu mexaniki manevrləri canlı hərəkəti ilə qarışdırmaq mümkün deyil. Maşınların hərəkətləri, sözün əsl mənasında, “həddindən artıq mükəmməl” və hissiz görünür.

Bunun əsas səbəbi onların su çarxlarından daxili yanma mühərriklərinə qədər uzanan ənənəvi mühəndislik prinsipləri ilə – yəni sərt və əyilməz hissələrdən – qurulmasıdır. Halbuki canlı orqanizmlər tamamilə fərqli mexanizmə malikdir. İnsan skeleti kimi sərt strukturlar mövcud olsa da, hərəkəti təmin edən əzələlər və bağ toxumaları yumşaq, elastik və çevik quruluşa malikdir.

Yumşaq robotika: Metaldan əzələyə keçid

Məhz bu nöqtədə “yumşaq robotika” sahəsi ön plana çıxır. Bu istiqamət robotların sərt metal əvəzinə rezin və yumşaq plastik kimi materiallardan hazırlanmasını hədəfləyir. Sərt menteşələr və dişlilər yeni nəsil robotlar üçün uyğun sayılmır. Çünki robotu rezindən hazırlayıb daxilinə sərt skelet yerləşdirmək məntiqi baxımdan məqsədəuyğun deyil.

Bu robotların hərəkət mexanizminin əsasını isə “süni əzələlər” təşkil edir. Bu strukturlar daxilində hava kanalları olan yumşaq materiallardan ibarətdir. Kanallara hava vurulduqda material genişlənib-büzülərək təbii hərəkət effekti yaradır.

Keçmişdə süni əzələlərin istehsalı kifayət qədər mürəkkəb idi. Adətən qəliblərə tökülərək hazırlanan bu hissələr, daxili kanallara görə iki ayrı parça şəklində istehsal olunur və sonradan birləşdirilirdi. Lakin Harvard Universitetindən olan tədqiqat qrupu bu prosesi dəyişdirə biləcək yeni üsul təqdim edib.

Artıq mürəkkəb strukturlar qəliblərə tökülmür, bir mərhələdə üçölçülü printer vasitəsilə hazırlanır. “Fırlanan çoxmateriallı 3D çap” adlanan texnologiya ilə əvvəlcə yumşaq geldən kanallar formalaşdırılır, daha sonra onların üzərinə toxuma qatları əlavə edilir. Proses başa çatdıqdan sonra daxildəki gel boşaldılır və nəticədə hava vurulmağa hazır, içi boş kanallara malik bütöv struktur əldə olunur.

Yeni metod istehsalın sürətini və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Hər detal üçün ayrıca qəlib hazırlanmasına və müxtəlif komponentlərin birləşdirilməsinə ehtiyac qalmır. Süni əzələlərin daha ucuz və kommersiya baxımından əlçatan olması yaxın gələcəkdə daha bacarıqlı və təbii hərəkət edən robotların gündəlik həyata inteqrasiyasını sürətləndirə bilər.

Samir

0