Süni intellektin rəqəmsal dünyada yaratdığı yeni reallıqlar hüquqi müstəvidə ciddi tənzimləmə ehtiyacı doğurur.
Xüsusilə saxta məzmunların və dezinformasiyanın qarşısını almaq üçün şəffaflığın təmin edilməsi artıq bir zərurətdir. Bu baxımdan, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif olunan dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. Yeni tələblərə əsasən, süni intellekt vasitəsilə ərsəyə gələn foto, video və audio materiallar ictimaiyyətə təqdim edilərkən xüsusi, asanlıqla seçilən işarələrlə markalanmalıdır. Bu addım rəqəmsal məkanda istifadəçi etibarını qorumaq və informasiya manipulyasiyasının qarşısını almaq məqsədi daşıyır.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Hit.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə təklif olunan yeni dəyişikliklərə əsasən, süni intellekt texnologiyalarından istifadə olunaraq hazırlanmış foto, video və ya səs yazıları yayımlanarkən onların bu texnologiya vasitəsilə yaradıldığı xüsusi şəkildə göstərilməlidir:

"Yeni qaydalara əsasən, hər hansı şəxsin razılığı olmadan onun səsindən və ya görüntüsündən istifadə etməklə süni intellekt vasitəsilə saxta material hazırlamaq və onu yaymaq hüquqi məsuliyyət yaradır. Xüsusilə pornoqrafik və ya intim xarakterli "deepfake" materialların hazırlanması və yayılması daha ağır cinayət hesab ediləcək. Artıq belə hallara görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur".
Həmsöhbətimiz vurğulayıb ki, son dövrlərdə süni intellektin sürətlə inkişaf etməsi saxta görüntü və səslərin hazırlanmasını xeyli asanlaşdırıb:
"Təəssüflər olsun ki, bu da öz növbəsində müxtəlif manipulyasiyalar, insanların nüfuzuna zərbə vurmaq məqsədi daşıyan kampaniyalar və hətta seksual şantaj kimi halların artmasına gətirib çıxarıb.
Bir çox ölkədə bu cür halların qarşısını almaq üçün, xüsusilə pornoqrafik məzmunlu "deepfake" materiallara qarşı daha sərt hüquqi mexanizmlər tətbiq edilir. Bununla yanaşı, bəzi məsələlər hələ də müzakirə mövzusu olaraq qalır".
Osman Gündüz diqqətə çatdırıb ki, hazırda süni intellekt vasitəsilə hazırlanmış şəkil və ya videonun hansı üsullarla müəyyən ediləcəyi, materialın hansı səviyyədə dəyişdirilməsi halında onun süni intellekt məhsulu sayılacağı və belə hallarda işarələnmənin məcburi olub-olmayacağı sual doğurur:
"Üstəlik, süni intellektlə yanaşı, digər texniki proqramlardan istifadə olunmasının hüquqi baxımdan necə qiymətləndiriləcəyi və aydınlaşdırılması da vacib olan məqamlar sırasındadır".
Günel Cəlilova


