Süni intellektin yeni hədəfi: Bəşəriyyətin son sınağı

TEXNO
10:00 / 02.04.2026
39

İnformasiya dünyasında uzun müddətdir aşılmaz bir maneə hesab edilən "Bəşəriyyətin Son Sınağı" (BSS) süni intellektin başgicəlləndirici irəliləyişləri qarşısında çökməyə başlayıb. Raket elmindən qədim mifologiyaya qədər 2500 doktorluq səviyyəsində sualdan ibarət olan bu nəhəng test, əslində, maşınların əsl zəkasını ölçmək üçün bir maneədir.

HİT.az xəbər verir ki, cəmi bir neçə ay əvvələ qədər bu imtahanda tam nəticə əldə etmək qeyri-mümkün sayılırdı. Lakin son məlumatlar süni intellektin “universal mütəxəssis” statusuna çox yaxınlaşdığını göstərir. Zamanın nə qədər sürətlə dəyişdiyini anlamaq üçün 2022-ci ilə baxmaq kifayətdir. O dövrdə ChatGPT kimi populyar modellər bu çətin sınaq qarşısında aciz qalaraq yalnız 3 faiz civarında nəticə göstərə bilirdi. Bu aşağı göstərici, insan akademik biliyi ilə maşınlar arasındakı fərqin bağlanmayacağına inananlar üçün bir güvən mənbəyi idi.

Lakin “Google Gemini" son addımı bütün proqnozları alt-üst edib. Qısa müddətdə nəticəsini 18 faizdən 45,9 faizə yüksəldən sistem rəqiblərini də bu yarışa sürükləyib. “Anthropic” isə 34,2 faizlik göstərici ilə bu yarışda olduğunu nümayiş etdirir.

Bu imtahanın adi ümumi bilik testlərindən əsas fərqi sualların seçilmə metodudur. 50 müxtəlif ölkədən toplanan 70.000 sual arasından mövcud modellərin asanlıqla cavablandıra bildiyi bütün suallar çıxarılıb. Nəticədə qalan 2.500 sual internetdə, müzakirə platformalarında və ya verilənlər bazalarında cavabı olmayan, sırf məntiqi düşünmə tələb edən tapşırıqlardan ibarətdir. “Scale” şirkətinin tədqiqat rəhbəri Kalvin Çanq məqsədlərinin sərhədləri zorlayan bir ölçü yaratmaq olduğunu bildirərək, dil modellərinin məntiqi düşünmə qabiliyyətinin gəldiyi nöqtədən təəccübləndiyini gizlətmir.

Süni intellektin bu çətin sınaqda 100 faiz nəticəyə çatması şahmat əfsanəsi Hari Kasparovun kompüterə məğlub olması kimi bir təsir yarada bilər. Hazırda tərtibatçılar mövcud insan biliklərini test etməyi deyil, bu sərhədlərin necə aşılacağını müəyyən etməyə fokuslanıblar. Mütəxəssislər cərrahi əməliyyatlar kimi fiziki dəqiqlik tələb edən sahələrin hələlik maşınlar üçün uzaq olduğunu desələr də, akademik sahələrdəki sürətli irəliləyiş yeni bir dövrün başlanğıcından xəbər verir.

Samir

0