Rəqəmsallaşan dünyada texnologiyanın sürəti təəccüblü şəkildə keçmişə olan marağı da artırır. Bunun ən aydın nümunəsi musiqi sahəsində görünür.
HİT.az xəbər verir ki, 90-cı illərdə başlanğıcı qoyulan və 2000-ci illərin əvvəlində güclənən vinil (plastinka) hobbisi musiqini yalnız dinləmək deyil, ona sahib olmaq istəyən auditoriya yaradıb. İndi isə oxşar tendensiya daha çətin istifadə olunan, səs keyfiyyəti baxımından vinil və CD-dən geri qalan kasetlərə doğru yönəlib. Həm nostalji axtaran X nəsli, həm də analoq dünyaya maraq göstərən Z nəsli bu “tıqqıltılı” texnologiyaya yenidən maraq göstərir.
80-ci illərdən 90-cı illərin əvvəlinə qədər musiqinin əsas daşıyıcısı olan kasetlər o dövrdə radio və televiziyadan mahnı yazmaq imkanı ilə geniş yayılmışdı. Aradan keçən 30 ildən sonra bu maraq birdən-birə yox, əksinə, son on ildə səssiz şəkildə artaraq güclənib.
"Nielsen Music" məlumatlarına görə, kaset satışlarında ciddi artım müşahidə olunur. 2015-ci ildə 74 min olan illik satış 2023-cü ildə 430 minə yüksəlib. Bu isə təxminən 6 dəfə artım deməkdir. 2025-ci il üçün proqnozlar 600 min həddinin aşılacağını göstərir. Artan tələb yalnız köhnə kasetlərin toplanması ilə məhdudlaşmır, həm də USB dəstəkli nostalji dizaynlı yeni kaset pleyerlərinin bazara çıxmasına səbəb olur.
Kasetlərin yenidən populyarlaşmasının əsas səbəblərindən biri müasir texnologiyanın “mükəmməlliyinə” qarşı reaksiyadır. Z nəsli üçün bu, rəqəmsal dünyanın həddindən artıq rahat və steril strukturundan uzaqlaşma formasıdır. Mahnını tapmaq üçün kaseti geri və ya irəli fırlatmaq, lentin dolaşması və mexaniki səslər artıq problem deyil, əksinə təcrübənin bir hissəsi sayılır.
Bu tendensiyanı gücləndirən başqa bir faktor isə müasir ulduzlardır. Teylor Svift, Çarli XCX və Olivia Rodriqo kimi sənətçilərin albomlarını kaset formatında da buraxması bu formatı gənc auditoriya üçün yenidən əlçatan edir. Bundan əlavə, kasetlər vinillərlə müqayisədə daha ucuzdur: bir vinil 30 dollar və ya daha baha olduğu halda, kaset albomunu 10–13 dollara əldə etmək mümkündür.
Samir


