Fırıldaqçılar "Apple" şirkətinin rəsmi bildirişlərini imitasiya edərək iCloud istifadəçilərinə saxta fişinq məktubları göndərməyə başlayıblar. Məqsəd bank kartı məlumatlarını ələ keçirməkdir.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Bildirilir ki, "iPhone" istifadəçilərinə iCloud yaddaşının guya dolduğu barədə xəbərdarlıq edən elektron məktublar göndərilir. Bu mesajlarda ehtiyat nüsxələmə prosesinin dayandırıldığı, yeni foto və videoların yüklənməsinin mümkün olmadığı iddia edilir. Problemi həll etmək üçün istifadəçilərə linkə daxil olaraq əlavə yaddaş sahəsi üçün ödəniş etmələri təklif olunur.
Linkə keçid edən istifadəçilər "Apple"ın rəsmi interfeysini təqlid edən saxta sayta yönləndirilir. Orada bank kartı məlumatları daxil edildikdə, bu məlumatlar birbaşa kibercinayətkarlara ötürülür.
Bəzi hallarda hücum mərhələli şəkildə həyata keçirilir: istifadəçi ilk məktuba reaksiya vermədikdə, ona məlumatlarının silinəcəyi və ya hesabının bloklanacağı barədə əlavə təhdid mesajları göndərilir.
Mütəxəssislər bu cür məktubların silinməsini, linklərə daxil olmamağı və göndərənin ünvanını yoxlamağı tövsiyə edirlər. Qeyd olunur ki, rəsmi "Apple" domenləri adətən @apple.com və ya @email.apple.com olur. Həmçinin şübhəli mesajların "Apple"ın təhlükəsizlik xidmətlərinə yönləndirilməsi məsləhət görülür.
Samir


