“Apple”ın ucuz mini-kompüter — “Mac Neo” üzərində işlədiyi bildirilir. Sənaye mənbələrinə görə, bu cihaz gündəlik istifadə üçün nəzərdə tutulacaq: brauzerdə işləmək, sənədlərlə məşğul olmaq, video izləmək və digər sadə tapşırıqlar.
HİT.az xəbər verir ki, məlumata əsasən, kompüter “iPhone 17 Pro”da istifadə olunan “Apple A19 Pro” mobil prosessoru ilə təchiz ediləcək. Operativ yaddaşın 12 GB olacağı, enerji sərfiyyatının isə təxminən 35 Vt təşkil edəcəyi qeyd olunur.
Cihazın ölçüləri olduqca kompakt olacaq — təxminən “Apple TV 4K” səviyyəsində. Korpusun plastikdən hazırlanacağı və müxtəlif parlaq rəng variantlarının təqdim ediləcəyi bildirilir. Portlar arasında 10 Gbit/s sürətə malik iki “USB-C” girişinin olacağı gözlənilir.
“Mac Neo”nun əsas üstünlüyü onun qiyməti ola bilər — təxminən 299 dollar. Bu, başlanğıc qiyməti 599 dollar olan “Mac mini” ilə müqayisədə xeyli ucuzdur və “AirPods” kimi flaqman qulaqcıqlarla eyni qiymət seqmentinə düşür. Cihazın gələn il təqdim edilə biləcəyi ehtimal olunur.
Mediada qeyd olunur ki, bu model “MacBook Neo”nun uğurundan sonra təqdim edilə bilər. Yeni kompüter artıq “öz sinfində sıçrayış” kimi qiymətləndirilir, bəzi “Windows” istehsalçıları isə bunu bazar üçün “şok” adlandırır.
Qeyd edək ki, 2026-cı ilin əvvəlindən “Apple” “iPhone 17e”, “AirTag 2” və “M5 Pro” və “M5 Max” çipləri ilə təchiz olunmuş “MacBook Pro” modellərini təqdim edib. Şirkətin yaxın gələcəkdə daha böyük yeniliklər üzərində işlədiyi də bildirilir.
Samir


