Son illərdə Mini LED televizorları bazarda adi hala çevrilib. Demək olar ki, bütün böyük istehsalçılar artıq öz məhsul xəttinə belə modellər əlavə edib. Əslində bunlar yenə LCD ekranlardır, sadəcə daha dəqiq və müasir arxa işıqlandırma sistemi ilə təchiz olunublar ki, bu da görüntü keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.
Hit.az xəbər verir ki, yüksək parlaqlıq, daha yaxşı rəng ötürülməsi və piksel yanığı riskinin olmaması kimi üstünlüklərə baxmayaraq, Mini LED texnologiyasının bəzi ciddi çatışmazlıqları da var.
“BGR” bu məqamları izah edib.
1.Mükəmməl olmayan qara rəng
Mini LED-in əsas problemi onun hələ də LCD texnologiyası olmasıdır. OLED-dən fərqli olaraq burada hər piksel ayrıca işıq saçmır. Arxa işıqlandırma zonalar üzrə işləyir və buna görə qara rəng tam qara yox, boz çalara yaxın görünə bilər.
Bu vəziyyət əsasən qaraltma zonalarının sayından asılıdır. Minlərlə zona olan bahalı modellər daha dərin qara göstərir, büdcə modellərində isə nəticə xeyli zəif olur. Yəni kontrast və görüntü dərinliyi konkret modeldən ciddi şəkildə asılıdır.
2.“Blooming” və ya işıq sızması effekti
Digər məşhur problem “blooming” effektidir. Bu zaman işıqlı sahənin arxa işıqlandırması yaxınlıqdakı qaranlıq hissələrə də yayılır.
Bu xüsusilə qara fonda subtitrlər və ya kiçik parlaq obyektlər olduqda nəzərə çarpır.
İstehsalçılar daha inkişaf etmiş alqoritmlərlə bu effekti azaltmağa çalışsalar da, onu tam aradan qaldırmaq mümkün deyil. OLED televizorlarda isə belə problem yoxdur, çünki hər piksel ayrıca idarə olunur.
3.Məhdud baxış bucaqları
Mini LED televizorlarının çoxu VA matrisindən istifadə edir. Bu matris yaxşı kontrast versə də, ekrana yan tərəfdən baxanda görüntü keyfiyyəti zəifləyir.
Kənardan baxış zamanı rənglər daha solğun görünür və kontrast azalır.
Bəzi modellər əlavə qatlarla baxış bucaqlarını genişləndirməyə çalışır, lakin yenə də OLED səviyyəsinə çatmır. Ailəvi izləmə zamanı bu çatışmazlıq hiss oluna bilər.
4.Oyunlarda ideal olmayan axıcılıq
Mini LED televizorları yüksək parlaqlıq və aşağı giriş gecikməsi səbəbindən oyun üçün yaxşı seçim sayılsa da, onların cavabvermə müddəti OLED modellərlə müqayisədə daha zəif ola bilər.
Bu isə dinamik səhnələrdə, xüsusilə şuter və yarış oyunlarında bulanıqlıq və “iz” effektinə səbəb ola bilər.
Bununla belə, filmlərdə bu xüsusiyyət bəzən daha yumşaq və təbii görüntü kimi qəbul edilir.
Samir


