Hər müasir mətbəx üçün soyuducu vacib cihazdır. Onsuz ərzaqları uzun müddət saxlamaq mümkün olmaz və xüsusilə isti havalarda bu, ciddi narahatlıq yaradar, həm də qida zəhərlənməsi riskini artıra bilər.
HİT.az xəbər verir ki, "Slashgear" nəşrinin məlumatına görə, ekspertlər soyuducunun orta istifadə müddətinin təxminən 12 il olduğunu bildirir. Lakin bu rəqəm sabit deyil: bəzi modellər daha tez sıradan çıxır, digərləri isə düzgün qulluqla 20 ilə qədər işləyə bilər.
Mütəxəssislərin fikrincə, cihazın ömrü onun markası, texniki xüsusiyyətləri və istifadə vərdişlərindən asılıdır. Məsələn, bəzi yüksək texnologiyalı və əlavə funksiyalara malik bahalı soyuducular sadə modellərlə müqayisədə daha tez sıradan çıxa bilər. Bunun səbəbi buz hazırlayıcılar, su dispenserləri və hava təmizləyiciləri kimi mürəkkəb hissələrin daha asan nasazlıq yaratmasıdır.
Eyni zamanda, ucuz və keyfiyyətsiz modellər də uzunömürlü olmur. Ən yaxşı yanaşma şəxsi ehtiyaclara və büdcəyə uyğun, etibarlı model seçməkdir. Həmçinin istifadəçi rəylərini yoxlamaq da tövsiyə edilir.
Ekspertlər bildirir ki, müntəzəm təmizlik ən vacib şərtlərdən biridir. Qapı rezinlərində qida qalıqları yığıldıqda soyuq hava sızır və bu, kompressorun daha çox işləməsinə səbəb olur.
Həmçinin ildə bir və ya iki dəfə kondensator spiralını (coil) təmizləmək lazımdır. Toz və kir hava axınını zəiflədir və cihazın işini pisləşdirir. Filtrlərin təmizlənməsi və dəyişdirilməsi də vacibdir.
Soyuducunun yerləşdirildiyi məkan da önəmlidir. O, istilik mənbələrindən və birbaşa günəş işığından uzaq olmalı, ətrafında isə kifayət qədər hava dövranı üçün boşluq saxlanmalıdır. Həmçinin cihazın həddindən artıq doldurulmaması tövsiyə olunur.
Normalda soyuducu sakit işləyir və yüngül səs çıxarır. Lakin qəribə səslər (cırıltı, taqqıltı və ya sürtünmə) yaranarsa, bu problem əlamətidir.
Digər əlamət isə qeyri-bərabər soyutmadır: qidalar tez xarab olur və ya içkilər kifayət qədər soyumur. Bu, kompressor, termostat və ya qapı rezinlərində nasazlıq ola bilər.
Həmçinin cihazın arxa hissəsinin həddindən artıq qızması da təhlükə siqnalıdır və kondensatorun çirklənməsi və ya kompressor problemi ilə bağlı ola bilər.
Belə hallarda mütəxəssis çağırmaq tövsiyə edilir ki, böyük və bahalı təmirin qarşısı alınsın.
Samir


