Bir çox smartfon istifadəçisi ən azı bir dəfə bu sualı düşünüb: cihazı eyni anda USB-C kabelinə qoşmaq və simsiz şarj stansiyasına qoymaq nə baş verər? İlk baxışda bu, şarjı iki dəfə sürətləndirməli kimi görünür, amma praktikada vəziyyət fərqlidir.
HİT.az xəbər verir ki, BGR mütəxəssislərinin izahına görə, müasir smartfonlar demək olar həmişə yalnız bir enerji mənbəyini seçir – naqilli şarjı. Bu zaman cihazın enerji sistemi simsiz sarğı (katuska) hissəsini söndürür, hətta telefon şarj stansiyasının üzərində olsa belə. Bu, enerji mənbələri arasında konfliktin qarşısını almaq və həddindən artıq isinmə riskini azaltmaq üçün edilir.
Sadə desək, telefon eyni anda həm kabeldən, həm də simsiz stansiyadan enerji qəbul edə bilmir. Əksər hallarda prioritet məhz naqilli şarj olur, çünki o daha sürətli, stabil və effektivdir.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, hər iki üsuldan eyni anda istifadə cəhdi batareyanın daha çox qızmasına səbəb ola bilər. Həm naqilli, həm də simsiz şarj istilik yaradır, həddindən artıq isinmə isə batareyanın tez aşınmasının əsas səbəblərindən biridir. Buna görə istehsalçılar paralel şarj imkanını proqram səviyyəsində məhdudlaşdırır.
Hətta belə bir sistem texniki olaraq mümkün olsa belə, praktik fayda verməzdi. Smartfon yenə də kabel vasitəsilə şarj sürətini keçməzdi, əlavə isinmə isə vəziyyəti daha da pisləşdirə bilərdi.
İlk baxışda simsiz şarj cihazlarının o qədər də faydalı olmadığı düşünülə bilər: əgər telefon kabelə qoşulubsa, əlavə üstünlük vermir. Lakin praktikada kabel və simsiz şarjın kombinasiyasının öz üstünlükləri var.
Məqalədə qeyd olunur ki, USB kabel və simsiz şarj stansiyası vasitəsilə eyni anda bir neçə cihazı doldurmaq mümkündür. Simsiz stansiyalar adətən daha iri olur və masada kabel qarışıqlığını azaldır.
Həmçinin vurğulanır ki, "Anker MagGo Wireless MagSafe Charging Station" kimi qurğular eyni anda 3 cihazı bir enerji mənbəyi ilə şarj edə bilir. Bu, xüsusilə rozetka sayının məhdud olduğu və ya uzadıcı kabellərdən istifadə etmək istənilməyən hallarda rahatdır.
Nəticədə istifadəçi üçün daha çevik bir sistem yaranır: daha tez şarj olunmalı cihazlar kabelə qoşulur, digərləri isə simsiz stansiyaya yerləşdirilir. Bu yanaşma bir telefonun şarjını sürətləndirməsə də, bir neçə cihazın daha nizamlı və rahat doldurulmasını təmin edir.
Samir


