“Apple” şirkəti “iOS 27” əməliyyat sisteminə tuva və saxa (yakut) dilləri üçün yeni klaviatura tərtibatları əlavə edib.
HİT.az xəbər verir ki, bu barədə “Wylsa.com” məlumat yayıb.
Şirkət daha əvvəl çuvaş və inquş dilləri üçün də dəstək təqdim etmişdi. Gələcəkdə isə yeni dil klaviaturalarının sayının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Lokalizasiya imkanlarının genişləndirilməsi “Apple”ın müstəqil tədqiqatçılar və dillərin rəqəmsallaşdırılması üzrə mütəxəssislərlə əməkdaşlığı sayəsində mümkün olub. Tuva və yakut dillərinin sistemə inteqrasiyasında “Tyvan.ru” layihəsinin yaradıcısı və proqram tərtibatçısı Ali Küzüget mühüm rol oynayıb. O, Rusiya xalqlarının dilləri üçün rəqəmsal infrastrukturun yaradılması istiqamətində fəaliyyət göstərir.
Yeni klaviaturalar iki formatda təqdim olunur. Birinci variant standart rus klaviaturası əsasında qurulub və əlavə simvolların uzun basma vasitəsilə daxil edilməsinə imkan verir. İkinci variant isə hər əlifba hərfi üçün ayrıca düymənin ayrıldığı tam milli klaviatura tərtibatıdır.
Bu yanaşma gələcəkdə avtomatik düzəliş, proqnozlaşdırılan mətn daxil etmə və jestlə yazı funksiyalarının inkişafı üçün əlavə imkanlar yaradır.
Məlumatda qeyd olunur ki, bu cür həllərin hazırlanması genişmiqyaslı tədqiqat işləri tələb edir. Hər bir klaviatura tərtibatı üçün əlifbanın xüsusiyyətləri, simvolların istifadə tezliyi və istifadəçilərin klaviatura ilə qarşılıqlı əlaqə ssenariləri təhlil olunur.
Nəticədə xüsusi dil məlumat bazaları formalaşdırılır. Bu məlumatlar təkcə yeni klaviaturaların hazırlanmasında deyil, həm də maşın tərcüməsi, nitqin tanınması və generativ süni intellekt texnologiyalarının inkişafında istifadə oluna bilər.
Samir


