ABŞ-ın süni intellekt startapı "Midjourney" görüntü emalı üzrə neyroşəbəkələri ilə tanınsa da, artıq tibbi avadanlıq bazarına daxil olduğunu elan edib.
HİT.az-ın məlumatına görə, şirkət bildirib ki, “sağlamlığın əsaslarını və insanın öz bədəni ilə münasibətini yenidən formalaşdıracaq yeni və qabaqcıl bir cihaz” hazırlayır. Söhbət bütün bədəni sürətlə skan edə bilən ultrasəs tomoqrafdan gedir.
2025-ci ilin noyabrında "Midjourney" tibbi təyinatlı portativ ultrasəs cihazları istehsal edən "Butterfly Network" şirkəti ilə birgə inkişaf və texnologiya lisenziyası üzrə razılaşma imzalayıb.
Məlumata görə, "Midjourney" bu əməkdaşlıq çərçivəsində "Butterfly Network"a 15 milyon dollar birdəfəlik ödəniş edib və növbəti 5 il ərzində hər il 10 milyon dollar lisenziya haqqı ödəyəcək.
Bildirilir ki, yeni ultrasəs tomoqraf 2027-ci ilin sonunda San-Fransiskoda təqdim olunacaq. Şirkət 2031-ci ilə qədər təxminən 50 min belə cihaz istehsal etməyi planlaşdırır.
Hədəf odur ki, bu cihazlar hər ay təxminən 1 milyard skan əməliyyatı həyata keçirə bilsin.
Bu layihə süni intellekt texnologiyalarının yalnız rəqəmsal sahədə deyil, həm də tibbi diaqnostika və səhiyyə infrastrukturunda daha geniş tətbiqinə doğru mühüm addım kimi qiymətləndirilir.
Samir


