Ən çox hansı ağıllı saat seçilir? - Daha bahalı markalar önə çıxır

TEXNO
15:53 / 20.06.2026
58

“Counterpoint” şirkətinin məlumatlarına görə, qlobal ağıllı saat bazarı 2026-cı ilin birinci rübündə 4 faiz artıb. “Apple” liderliyini qoruyarkən “Huawei” yüksəliş göstərib, “Samsung” isə ciddi geriləmə ilə üzləşib.

HİT.az xəbər verir ki, “Counterpoint”in açıqladığı son hesabatda qeyd olunur ki, 2026-cı ilin ilk rübündə qlobal geyilə bilən cihaz bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz böyüyüb. Bu nəticə 2024-cü ildə yaşanan azalmadan sonra 2025-ci ildə başlayan bərpa prosesinin davam etdiyini göstərir.

Tədqiqatçılar artımda xüsusilə “Apple”ın son dövrlərdə satışa çıxardığı yeni cihazların mühüm rol oynadığını bildirirlər. İstifadəçilərin daha inkişaf etmiş funksiyalar təklif edən premium ağıllı saatlara yönəlməsi də bazarın böyüməsini sürətləndirib.

2026-cı ilin ilk rübündə ağıllı saat tədarükləri artsa da, “Apple” lider mövqeyini saxlayıb. Şirkət qlobal bazarda 23 faiz paya sahib olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21 faizlik artım deməkdir.

“Apple”ın ümumi tədarüklərinin yarıdan çoxu Şimali Amerika bazarından gəlib. Bu faktor şirkətin liderliyini möhkəmləndirən əsas amillərdən biri kimi göstərilir.

“Apple”dan sonra ikinci yerdə “Huawei” qərarlaşıb. Şirkətin satışları illik müqayisədə 12 faiz artıb. “Huawei”ni “Xiaomi”, “Imoo” və “Samsung” izləyib. “Samsung” isə ilk beşlikdə geriləmə yaşayan yeganə brend olub və tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

Ağıllı saat bazarının yüksəlişində Çinin də mühüm payı var. Ölkədə tədarüklər illik 15 faiz artıb.

Çin bazarında liderliyi “Huawei” əldə edib. Şirkət təkbaşına bazarın 40 faizinə nəzarət edir. “Huawei”dən sonra “Imoo” və “Xiaomi” gəlir.

Hesabata əsasən ağıllı saatların orta satış qiyməti də yüksəlib. 2026-cı ilin birinci rübündə qlobal orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb.

Bu artım istifadəçilərin daha çox inkişaf etmiş funksiyalara malik modellərə üstünlük verdiyini göstərir. İstehsalçılar da bu tələbi daha çox sensor, inkişaf etmiş sağlamlıq monitorinqi və yeni funksiyalarla cavablandırır.

Samir
 

0