Smartfonun şarjını gecə və ya səhər etmək məsələsi uzun müddətdir müzakirə olunur. Bəziləri uzunmüddətli şarjın batareyanı tez köhnəltdiyini düşünür, digərləri isə işə çıxmazdan əvvəl sürətli şarjı üstün tutur. Bəs həqiqətən gecə şarjı zərərlidirmi?
Qısa cavab: xeyr. Müasir smartfonlar artıq köhnə cihazlar kimi həssas deyil.
Hit.az xəbər verir ki, gecə şarjda qalmağın batareyanı tez sıradan çıxardığı ilə bağlı miflər böyük ölçüdə doğru deyil.
Batareyanın sıradan çıxmasının əsas səbəbi şarjın özü yox, həddindən artıq qızmadır. Litium-ion batareyalarda ionların hərəkəti zamanı istilik yaranır və yüksək temperatur uzunmüddətli istifadə üçün zərərlidir.
Orijinal adapterdən istifadə etdikdə və telefonu yastığın altında saxlamadıqda, ciddi risk yoxdur. Müasir cihazlarda ağıllı enerji idarəetmə sistemi var və batareya 100 faizə çatdıqda şarjı yavaşıda və ya dayandıra bilir.
Teorik olaraq, batareyanın uzun müddət 100 faizdə qalması onun ömrünü azalda bilər, lakin iPhone və Android cihazları istifadəçinin şarj vərdişlərini öyrənərək bu prosesi optimallaşdırır.
Gecə və ya səhər şarjı: hansı seçilməlidir
Sürətli şarj çox rahatdır, xüsusilə də 20–30 dəqiqəyə əlavə enerji lazım olanda. Lakin bu üsul daha çox istilik yaradır və tez-tez istifadə edildikdə batareyanın aşınmasını sürətləndirə bilər.
Ən yaxşı yanaşma müxtəlif üsulları birləşdirməkdir: bəzən telefonu gecə şarjda saxlamaq, bəzən isə ehtiyac olduqda sürətli şarjdan istifadə etmək. Bu, batareya üçün ciddi problem yaratmır.
Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün şarj səviyyəsini 20–80 faiz arasında saxlamağı və tam boşaltmamağı tövsiyə edirlər.
Samir


