Noutbuk modellərinə nəzər saldıqda, touchpad-in əksər hallarda korpusun mərkəzinə yaxın yerləşdirildiyini görmək mümkündür. Bu, istifadəçilər üçün adi bir standart halına gəlib. Buna görə də touchpad-i mərkəzdə olmayan cihazlarla qarşılaşdıqda, bəzi insanlar bunu dizayn səhvi kimi qiymətləndirirlər. Hətta bəzi istifadəçilər belə yerləşimin çiyin ağrılarına səbəb olduğunu bildirirlər.
HİT.az xəbər verir ki, touchpad-in qeyri-mərkəzi yerləşdirilməsi ilk baxışda qəribə görünsə də, bunun texniki izahı var. Bir çox istehsalçı touchpad-in yerini müəyyənləşdirərkən noutbukun ümumi enini deyil, klaviaturanı, xüsusilə də boşluq düyməsini əsas götürür. Məqsəd yazı yazarkən biləklərin davamlı olaraq touchpad səthinə toxunmasının qarşısını almaqdır.
Əlavə rəqəmsal düymələr blokuna malik noutbuklarda touchpad-i tam mərkəzdə yerləşdirmək demək olar ki, mümkün deyil. Əgər touchpad korpusun ortasına qoyulsaydı, istifadəçi yazı yazarkən sağ biləyi tez-tez touchpad-ə toxunardı və bu da kursorun istənmədən hərəkət etməsinə səbəb olardı. Buna görə istehsalçılar estetik görünüşdən daha çox funksionallığa üstünlük verirlər.
Bəzi istifadəçilər touchpad-in sola doğru yerləşdirilməsinin sağ əlli insanlar üçün əlverişsiz olduğunu düşünürlər. Lakin bu qərar istifadəçinin hansı əldən istifadə etməsi ilə deyil, əsasən erqonomik tələblərlə bağlıdır. Solaxay istifadəçilərin də bu yerləşimlə ciddi problemlə üzləşmədiyi qeyd olunur.
Bununla belə, mərkəzdən kənarda yerləşən touchpad hər kəs üçün rahat olmaya bilər. Bəzi istifadəçilər ekranın mərkəzinə fokuslanarkən bədənlərini qeyri-ixtiyari şəkildə sola meylləndirdiklərini və bunun müəyyən fiziki narahatlıq yaratdığını bildirirlər. Ancaq əksər insanlar qısa müddət ərzində bu fərqli yerləşimə uyğunlaşa bilirlər.
Əgər touchpad-in yerləşimi sizin üçün vacib seçim meyarıdırsa, noutbuku almadan əvvəl mağazada şəxsən sınaqdan keçirmək ən düzgün yanaşma hesab olunur.
Samir


