QR kodların yaranmasına minillik strateji oyunu ilham verib

TEXNO
21:18 / 01.07.2026
45

Restoran menyularından avtobus biletlərinədək gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən QR kodların yaranma hekayəsi qədim strateji oyunu ilə bağlıdır. 

HİT.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

1994-cü ildə Yaponiyada yaradılan QR kod texnologiyası adi barkodlardan daha geniş imkanlar təqdim edərək rəqəmsal dünyanın əsas alətlərindən birinə çevrilib.

Bu sistemin müəllifi olan "Denso Wave" şirkətinin mühəndisi Masahiro Hara bildirib ki, QR kodların dizaynını hazırlayarkən o, "Go" adlı qədim stolüstü strategiya oyunundan ilham alıb.

Həmin dövrdə avtomobil sənayesində istifadə olunan standart barkodlar istehsal prosesinin mürəkkəb tələblərini qarşılaya bilmirdi. Onların məlumat saxlama tutumu məhdud olduğundan anbar və inventar uçotunda problemlər yaranırdı. Buna görə də "Denso Wave" həm daha çox məlumat saxlaya, həm də istənilən bucaqdan rahat oxuna bilən yeni sistem hazırlamağa qərar verib.

Məhz bu zaman qara və ağ daşların torşəkilli lövhə üzərində yerləşdirildiyi "Go" oyunu yeni nəsil kodların əsas strukturuna ilham mənbəyi olub.

QR kodun sələfi hesab olunan "Go" oyununun tarixi eramızdan əvvəl V əsrə gedib çıxır. Çində yaranan bu oyun sonradan Yaponiya və Koreyada geniş yayılıb. Oyun 19x19 ölçülü lövhədə iki oyunçu arasında keçirilir və məqsəd rəqibin daşlarını mühasirəyə alaraq daha çox əraziyə nəzarət etməkdir.

"Go" o qədər mürəkkəb kombinasiyalara malikdir ki, kompüter proqramı ilk dəfə yalnız 2016-cı ildə peşəkar oyunçunu məğlub edə bilmişdi.

QR kodların klassik barkodlardan əsas üstünlüyü onların daha böyük həcmdə məlumat saxlaya bilməsidir. Adi barkodlar yalnız şaquli xətlər vasitəsilə məhdud sayda rəqəmi kodlaşdırdığı halda, QR kodlar həm üfüqi, həm də şaquli istiqamətdə məlumat emal edir.

"Modul" adlanan kiçik qara və ağ kvadratlar vasitəsilə QR kodlar minlərlə simvolu özündə saxlaya bilir. Məsələn, ən inkişaf etmiş "Versiya 40" QR kodu 4 mindən çox əlifba-rəqəm simvolunu bir kod daxilində yerləşdirməyə imkan verir.

Bu xüsusiyyət sayəsində QR kodlar artıq təkcə məhsulların izlənilməsi üçün deyil, həm də internet keçidləri, şəkillər, sənədlər və mürəkkəb məlumatların ötürülməsi üçün istifadə olunur.

Ağıllı telefonların geniş yayılması ilə QR kodlar fiziki dünya ilə rəqəmsal məzmun arasında mühüm körpüyə çevrilib. Bu gün reklam lövhəsindəki kodu oxudaraq birbaşa internet səhifəsinə keçmək, elektron bilet əldə etmək və ya müxtəlif xidmətlərdən saniyələr ərzində yararlanmaq mümkün olub. Bu texnologiyanın əsasında isə Masahiro Haranın qədim "Go" oyununun lövhəsindən aldığı ilham dayanır.

Samir
 

0