Müasir dövrün rəqəmsal yaddaşını qoruyan nəhəng server mərkəzləri bu gün gözlənilməz təhlükə ilə qarşılaşıb – ekstremal istilər. "First Street" tərəfindən yayımlanan yeni araşdırma göstərir ki, internet infrastrukturunun əsasını təşkil edən bu obyektlərin gələcəyi qlobal temperaturun yüksəlməsi səbəbindən ciddi qeyri-müəyyənliklə üzləşir.
HİT.az xəbər verir ki, əvvəllər məlumat mərkəzlərinə yatırımlar əsasən texnoloji səmərəlilik və enerji xərcləri baxımından qiymətləndirilirdisə, indi onlar iqlim böhranı ilə mübarizədə mühüm əhəmiyyət daşıyan obyektlərə çevriliblər. Bu mərkəzlərdə yerləşən serverlər yalnız müəyyən temperatur intervalında sabit işləyə bilir. Temperatur kritik həddi keçdikdə soyutma sistemləri adi rejimdən xeyli artıq işləməli olur. Bu isə təkcə elektrik enerjisi xərclərinin artmasına deyil, həm də avadanlığın istismar müddətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bəzi hallarda isə qurğular yüksək temperaturun təsirinə tab gətirməyərək sıradan çıxır.
Hazırda dünyadakı məlumat mərkəzlərinin ümumi tutumunun yarıdan çoxu iqlim riskinin ən yüksək olduğu bölgələrdə cəmləşib. Quraqlıq və su qıtlığı kimi ekoloji amillər, xüsusilə soyutma prosesində sudan istifadə edən obyektlər üçün ciddi problemlər yaradır.
2026-cı ilin yay ayları, xüsusilə Şimal yarımkürəsində yerləşən məlumat mərkəzləri üçün ciddi sınaq dövrü hesab olunur. Avropa və ABŞ-da fəaliyyət göstərən bir çox obyekt qeyri-adi hava şəraiti ilə mübarizə apararkən, Asiya-Sakit okean regionunda vəziyyət daha həssas olaraq qiymətləndirilir. Bölgədəki məlumat mərkəzlərinin ümumi tutumunun təxminən 90 faizi həddindən artıq istilik təhlükəsi altında fəaliyyət göstərir.
Sektor analitikləri bildirirlər ki, şirkətlər artıq yalnız məhsuldarlığa deyil, həm də iqlim göstəricilərinə əsaslanan uzunmüddətli strategiyalar hazırlamalıdırlar.
Mütəxəssislərin fikrincə, gələcəkdə veri mərkəzlərinin yerləşəcəyi məkan seçilərkən temperatur proqnozlarını nəzərə almayan qurumlar ciddi çətinliklərlə üzləşə bilər. Aşağı riskli bölgələrə yönəldilən investisiyalar isə əməliyyatların fasiləsizliyini təmin etmək baxımından strateji prioritetə çevrilib.
Samir


