Niderlandın Delft of Texnologiya və Vageningen universitetlərinin alimləri dronların idarəetmədə nasazlıq yaranmazdan əvvəl bunu müəyyən etməsinə imkan verən yeni metod hazırlayıblar.
HİT.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri yazıb.
Məlumata görə, metodun əsasında təbiətdən götürülmüş "kritik ləngimə" (critical slowing down) prinsipi dayanır. Bu fenomen ekosistemlərin kritik dəyişiklik həddinə yaxınlaşdığını göstərən əlamətlərdən biri hesab olunur.
Tədqiqatçılar eyni prinsipdən pilotsuz uçuş aparatları, təyyarələr və avtonom nəqliyyat vasitələrində erkən qeyri-sabitlik əlamətlərini aşkar etmək üçün istifadə ediblər.
Alimlərin sözlərinə görə, yeni metod bort sensorlarından əldə olunan məlumatları təhlil edərək sistemin zədələrə reaksiyasında baş verən cüzi dəyişiklikləri müəyyənləşdirir. Bu isə dronun zədələnsə belə, təhlükəsiz uçuşunu davam etdirməsinə kömək edə bilər.
Delft Texnologuanın tədqiqatçısı Yasper van Birs bildirib ki, bu yanaşmanı insanın ağrını hiss etməsi ilə müqayisə etmək olar: "Zədə aldıqdan sonra ağrı bədənin vəziyyəti barədə dərhal məlumat verir və hansı hərəkətlərin təhlükəsiz olduğunu anlamağa kömək edir".
Van Birs əlavə edib ki, maşınlarda adətən belə özünüdərk mexanizmi yoxdur. Onun fikrincə, real vaxt rejimində toplanan məlumatlara əsaslanan yeni göstəricilər mühəndislik sistemlərinin öz imkanlarının sərhədlərini dərk etməsinə doğru ilk addımdır.
Metodu yoxlamaq üçün alimlər Delft Texnologiyanın "CyberZoo" dron tədqiqat mərkəzində sınaqlar keçiriblər. Onlar dronları qəsdən zədələyib, idarəetmənin itirilməsi həddinə çatdırıb və əldə olunan uçuş məlumatlarını kompüter simulyasiyaları ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, zədələrin növü, uçuş şəraiti və manevrlərin müəyyən kombinasiyaları qeyri-sabitliyə daha çox səbəb olur.
Tədqiqatçılar həmçinin nümayiş etdiriblər ki, erkən xəbərdarlıq göstəriciləri dronlara real vaxt rejimində davranışlarını tənzimləməyə və zədədən sonra da uçuşu davam etdirməyə kömək edə bilər.
Van Birs bildirib ki, aerokosmik mühəndisliyi ilə ekologiya kimi müxtəlif elmi sahələrin biliklərini birləşdirmək fundamental tədqiqatların praktik texnologiyalara çevrilməsini sürətləndirən mühüm amildir.
Samir


