İnternetdən müntəzəm istifadə edirsinizsə, yəqin ki, demək olar hər bir saytda ekranda belə bir bildiriş görmüsünüz: “Bu sayt cookie fayllarından istifadə edir”. Bundan sonra sizdən bu faylları qəbul etmək və ya onlardan imtina etmək xahiş olunur.
HİT.az xəbər verir ki, cookie fayllarının nə olduğunu və belə bir bildirişlə qarşılaşdıqda necə davranmağın daha məqsədəuyğun olduğunu sadə dilldə izah edirik.
Cookie faylları saytlarda nə üçün istifadə olunur?
Cookie faylları saytların istifadə etdiyiniz brauzerdə saxladığı kiçik məlumat fayllarıdır. İstifadəçi eyni cihaz və brauzerlə sayta yenidən daxil olduqda, sayt onu “xatırlayır” və serverə istifadəçinin hansı səhifələrə baxdığı, hansı bölmələri ziyarət etdiyi, hansı məhsullarla maraqlandığı və saytda hansı hərəkətləri etdiyi barədə məlumat ötürür. “Cookie” sözü ingilis dilində “peçenye” mənasını versə də, bu adın niyə seçildiyi dəqiq məlum deyil.
İnternetdən rahat və təhlükəsiz istifadə etmək üçün saytların niyə cookie fayllarını qəbul etməyi xahiş etdiyini bilmək vacibdir. Sayt sahibləri üçün bu məlumatlar ilk növbədə istifadəçi davranışını təhlil etmək və reklamların daha effektiv göstərilməsi məqsədilə lazımdır.
Saytın inkişafı ilə məşğul olan mütəxəssislər bütün ziyarətçilərin fəaliyyətini analiz edərək hansı bölmələrin daha çox maraq doğurduğunu, istifadəçilərin saytı hansı səbəbdən tez tərk etdiyini, hansı səhifələrin daha çox satış gətirdiyini və insanların saytda nə qədər vaxt keçirdiyini müəyyən edə bilirlər.
Bundan əlavə, reklamlar da bu məlumatlar əsasında fərdiləşdirilir. Sistem istifadəçinin hansı axtarış sorğularını verdiyini və hansı səhifələrə baxdığını nəzərə alaraq ona maraqlarına uyğun reklamlar göstərir. Cookie faylları həmçinin müxtəlif sorğuların nəticələrini və istifadəçinin cavablarını yadda saxlamaq üçün də istifadə olunur.
Cookie fayllarını qəbul etmək lazımdırmı?
Cookie fayllarını qəbul edib-etməmək tamamilə istifadəçinin seçimidir. Lakin onların rədd edilməsinin hansı nəticələrə səbəb ola biləcəyini bilmək faydalıdır.
Cookie fayllarını qəbul etdikdə sayt seçdiyiniz dili, şəhəri, hesabınıza daxil olmaq üçün daxil etdiyiniz məlumatları, bəyəndiyiniz məhsulları, səbətə əlavə etdiyiniz malları və digər seçimlərinizi yadda saxlayır. Əgər cookie fayllarından imtina etsəniz, növbəti dəfə sayta daxil olduqda sistem sizi yeni istifadəçi kimi qəbul edəcək və əvvəlki seçimləriniz saxlanılmayacaq. Bəzi hallarda isə cookie bildirişi növbəti ziyarətdə ümumiyyətlə görünməyə də bilər.
Samir


