Beynəlxalq alimlər qrupu rekord möhkəmlik xüsusiyyətlərinə malik yeni metal ərintisinin hazırlanması üsulunu təqdim edib.
Hit.az xəbər verir ki, "ScienceAlert" nəşrinin "Science" jurnalında dərc olunan araşdırmaya istinadən verdiyi məlumata görə, bu nəticənin əldə edilməsində əsas rol yalnız ərintinin kimyəvi tərkibinə deyil, həm də istehsal zamanı atomların necə düzülməsinə məxsusdur.
Tədqiqat müəllifləri xatırladırlar ki, müasir sənayedə metal ərintilərindən aviasiya texnikasından tutmuş gündəlik istifadə olunan mətbəx ləvazimatlarınadək geniş istifadə edilir. İndiyədək alimlər onların xüsusiyyətlərini əsasən kimyəvi tərkibi və ya emal texnologiyasını dəyişməklə yaxşılaşdırmağa çalışırdılar. Yeni yanaşma isə fərqli prinsipə əsaslanır.
Yüksək temperaturda qısa müddətli əridilmədən sonra alimlər ərintini 550 dərəcə Selsiyədək soyudaraq onu bir neçə saatdan bir neçə günədək həmin temperaturda saxlayıblar. Məhz bu nəzarət olunan istilik emalı atomların daha kiçik və sıx yerləşmiş dənəciklərdən ibarət nizamlı daxili struktur yaratmasına imkan verib.
"Apardığımız tədqiqat göstərir ki, istehsal prosesi zamanı atomların necə təşkil olunması ən azı ərintinin tərkibi qədər vacibdir", deyə Avstraliyanın Monax Universitetinin materialşünası Tsyan-Fen Ni bildirib.
Eksperiment zamanı tədqiqatçılar hafnium, niobium, tantal, titan və sirkonium olmaqla beş metaldan istifadə ediblər. Ən yaxşı nəticə təxminən 32 saatlıq istilik emalından sonra əldə olunub.
Nəticədə alınan odadavamlı yüksək entropiyalı ərinti poladdan iki dəfə, alüminiumdan isə üç dəfə möhkəm olub. Bundan əlavə, o, ənənəvi üsulla hazırlanan analoji ərintidən də təxminən iki dəfə üstün nəticə göstərib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, prosesə dəqiq nəzarət metalın demək olar ki, qüsursuz daxili quruluşunun formalaşmasına imkan verib. Məhz dənəciklər arasında boşluq və qüsurların olmaması materialın yüksək mexaniki xüsusiyyətlərini təmin edib.
Sınaqlar zamanı ərinti 2 giqapaskaldan artıq sıxılma axıcılıq həddi nümayiş etdirib və eyni zamanda plastiklik, yəni qırılmadan deformasiyaya uğrama qabiliyyətini qoruyub saxlayıb.
"Emal zamanı atomların təşkilini dəqiq idarə etməklə biz son dərəcə möhkəm və sabit yüksək əlaqəli struktur yarada bildik", deyə Çinin Çunçin Universitetinin materialşünası Yu Çjan bildirib.
Alimlərin fikrincə, bu texnologiya əvvəllər əlçatmaz hesab edilən xüsusiyyətlərə malik yeni materialların yaradılmasına yol aça bilər. Bu isə gələcəkdə aviasiya-kosmik sənaye, energetika və digər sahələr üçün daha səmərəli, daha ucuz və daha ekoloji ərintilərin hazırlanmasına imkan verəcək.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu iş yalnız yeni elmi istiqamətin başlanğıcıdır. Növbəti mərhələdə atomların məhz belə nizamlı struktur yaratmasının səbəbləri araşdırılacaq ki, bu da texnologiyanın təkmilləşdirilməsinə və digər metal ərintilərinə tətbiqinə şərait yarada bilər.
Samir


